İyulun 27-dən etibarən ölkənin sərnişin qatarlarında gediş haqqı 10 faiz artırılacaq.
Yenicag.az xəbər verir ki, bu barədə məlumatı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) İctimaiyyətlə əlaqələr şöbəsi yayıb.
“Azərbaycan Dəmir Yolları” QSC sərnişin qatarlarında qiymət artımını absurd “tənzimləmə” arqumenti ilə “əsaslandırmağa” çalışıb:
“Plaskart və kupe vaqonlarda alt və üst yerlərə və SV tipli vaqonlara olan tələbatın tənzimlənməsi məqsədi ilə iyulun 27-dən ölkədaxili sürət və sərnişin qatarlarında gediş haqları, orta hesabla, 10% artırılacaq”.
Qurum qiymət artımından sonra ölkədaxili istiqamətlər üzrə hərəkət edən sərnişin qatarlarında müəyyənləşən yeni tarifləri də açıqlayıb:
“Bakı-Astara istiqamətində gediş haqqı belədir: Pl 3,77 manat (artımla 4.15 mana), SV 5,41 manat (artımla 5.95 manat), kupe 11,15 manat (artımla 12.25 manat).
Bakı-Qazax istiqamətində isə belədir: Pl 4,59 (artımla 5.04 manat), SV 7,05 manat (artımla 7.75 manat), kupe 13,61 manat (artımla 14.92 manat)”.
Qeyd edək ki, “Azərbaycan Dəmir Yolları” QSC son olaraq, 2017-ci il iyulun 15-də qiymət artımına əl atmışdı. Deputat Cavid Qurbanovun rəhbərlik etdiyi “Azərbaycan Dəmir Yolları” QSC bir il öncə baş verən qiymət artımını “sərnişinlərə göstərilən xidmət səviyyəsini yaxşılaşdırmaq, çevik tarif tənzimlənməsini təmin etmək” məqsədi ilə əlaqələndirmişdi.
Bu çərçivədə ölkədaxili sərnişin və sürət qatarlarında baza tarifinə kupe və plaskart tipli vaqonlarda aşağı yerlərə 1,2 əmsalı tətbiq edilmişdi. Ancaq son bir ildə aparılan müşahidələr göstərir ki, dəmir yolunda tətbiq edilmiş bu bahalaşma nə sərnişinlərə göstərilən xidmətin səviyyəsinə, nə də qatarlarda şəraitin yaxşılaşdırılmasına zərrə qədər təsir göstərməyib.
Eyni zamanda, Azərbaycanda dəmir yolu ilə sərnişindaşımanın maya dəyərinə təsir göstərən xidmətlər üzrə – xüsusilə elektrik enerjisinin – qiymət artımı olmadığı halda, “Azərbaycan Dəmir Yolları”nın bu yola əl atması ciddi tənqidlərə yol açıb.
Sərnişin qatarlarında gediş haqqının 10 faiz bahalaşması qərarını Yenicag.az-a şərh edən Milli Məclisin deputatı Araz Əlizadə mövcud şəraitdə hər hansı sahədə qiymət artımının əleyhinə olduğunu deyib:
“Hazırda Bakıda olmadığım üçün bu barədə geniş məlumata malik deyiləm. Ona görə də, “Azərbaycan Dəmir Yolları”nın bu addımı nəyə görə atmasının səbəbləri haqqında danışmağa çətinlik çəkirəm.
Bəlkə də, bu qiymət artımı üçün obyektiv səbəblər mövcuddur, yaxud da, ola bilsin ki, buna heç bir ehtiyac yoxdur. Mən bəzi təhlillər aparmadan, bu barədə qəti fikir söyləyə bilmərəm.
Ancaq şəxsi yanaşmam bundan ibarətdir ki, Azərbaycan vətəndaşlarına narahatlıq və çətinliklər yaradan bahalaşma qərarlarının, o cümlədən də sərnişindaşımada tarif artımlarının əleyhinəyəm”.
Dəmir yolunda qiymət artımını sırf iqtisadi aspektdən dəyərləndirən ekspert Natiq Cəfərli Yenicag.az-a açıqlamasında bildirib ki, qatarlarda gediş haqqının artırılması bu sahədə mövcud olan inhisarçılıqdan qaynaqlanır:
“Əslində, “Azərbaycan Dəmir Yolları” digər dövlət şirkətləri kimi dövlətin rəqibləri olmayan təbii inhisarçılarıdırlar. Onlar atdıqları addımlara heç vaxt məntiqi izah vermirlər. Gətirdikləri yeganə arqument bundan ibarət olur ki, guya maya dəyəri artıb, xərclər çoxalıb və sair. Təbii, maya dəyəri artırsa, qiymət artımı qaçılmazdır – bu, hər yerdə belədir.
Ancaq çox təəssüf ki, dövlətin inhisarçı müəssisələri cəmiyyətə tutarlı əsaslandırma göstərə bilmirlər. Son bir ildə ölkədə nə elektrik enerjisinin, nə də digər xidmətlərin qiyməti qaldırılmayıb. Hətta hökumət ölkədə inflyasiyanın birrəqəmli olduğunu iddia edir. O halda, “Dövlət Dəmir Yolları”nın hansı bəhanə ilə qiymət artımına getməsini söyləmək çətindir. Yəni dəmir yolunda qiymət artımını şərtləndirən heç nə baş verməyib. Bu isə o deməkdir ki, dövlətin inhisarçı müəssisələri – indiki halda “Azərbaycan Dəmir Yolları” – rəqibsizlikdən sui-istifadə edərək, qiymət artımına gedib. Bunun başqa izahı yoxdur”.
A.Zeynalov