“Belə ki, “Azərbaycan yalnız deyil, Türkiyə hər zaman yanındadır, onlar 1 verərsə, biz 3 verərik”, – deyən Çavuşoğlu, Şuşa bəyannaməsinin müddəlarından irəli gələrək bu məsələdə Azərbaycan və Türkiyənin birgə qərar verəcəyi ilə bağlı mühüm mesajı bütün dünyaya çatdırdı”.
Bunu Yenicag.az-a açıqlamasında aprelin 5-i Ermənistanın Aİ və ABŞ ilə Brüsseldə keçirdiyi görüş barədə fikirlərini səsləndirən ekspert Əlabbas Məhərrəmov deyib.
Onun sözlərinə görə, Ermənistanın baş naziri Nikol Paşinyan, Avropa Komissiyasının rəhbəri Ursula von der Leyen və ABŞ dövlət katibi Entoni Blinken arasında keçirilən görüşlə bağlı Azərbaycan təbii olaraq öz narahatlığını və narazılığını dəfələrlə bildirib.
“Çünki Azərbaycan zaman-zaman Qərb dövlətlərinin Ermənistanın işğalçı siyasətinə dəstəyinin şahidi olub. Buna görə də narahatçılıq təbii qarşılanmalıdır. Eyni zamanda, bu görüşün keçirildiyi ərəfələrdə Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin üzvü və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu Azərbaycana rəsmi səfərdə oldu”, – deyə o qeyd edib.
“Prezident İlham Əliyev Çavuşoğlunu qəbul edərkən Brüssel görüşünün Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi olduğunu vurğuladı.
Əlavə olaraq, Çavuşoğlu çox ciddi bəyanat səsləndirdi. Bu sözlər istər Azərbaycan, istərsə də beynəlxalq siyasətdə mühüm mesajları ehtiva edir. Belə ki, “Azərbaycan yalnız deyil, Türkiyə hər zaman yanındadır, onlar 1 verərsə, biz 3 verərik”, – deyən Çavuşoğlu, Şuşa bəyannaməsinin müddəlarından irəli gələrək bu məsələdə Azərbaycan və Türkiyənin birgə qərar verəcəyi ilə bağlı mühüm mesajı bütün dünyaya çatdırdı”, – deyə ekspert yekunlaşdırıb.
Nəsimi Ələsgərli