Çavuşoğlu: “Şuşa bəyannaməsi Türkiyə-Azərbaycan münasibətlərinin ittifaq səviyyəsinə qalxdığı bir sənəddir”

“Şuşa bəyannaməsi Türkiyə ilə Azərbaycan arasında münasibətlərin ittifaq səviyyəsinə qalxdığı bir sənəddir”.

Yenicag.az xəbər verir ki, bu sözləri Türkiyənin Xarici İşlər naziri Möclud Çavuşoğlu “Antalya Diplomatiya Forumu”nun bağlanış mərasimində jurnalistlərin suallarını cavablandırarkən deyib.

“İki lider tərəfindən imzalanan bu sənəd bir çox məsələni əhatə edir. Sənədin xüsusən Şuşada imzalanması fərqli bir anlam daşıyır”, – deyə Çavuşoğlu bildirib.

Türkiyə XİN lideri həmçinin Şuşada baş konsulluq açılması məsələsinə də toxunub:

“Şuşada Baş konsulluq açılması barədə liderlərimiz qərar qəbul edib. XİN olaraq bizə düşən vəzifə isə ən qısa zamanda rəsmi prosedur tamamlandıqdan sonra Şuşada baş konsulluğumuzu açmaq və baş konsulumuzu və iş yoldaşlarını oraya göndərməkdir. Orada Azərbaycan bayrağı ilə yanaşı Türkiyə bayrağı da dalğalanacaq, inşallah”.