Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu alman həmkarının Türkiyə barədə sözlərinə sərt reaksiya verib.
Yenicag.az türk mətbuatına istinadən xəbər verir ki, Ziqmar Qabriel Türkiyəyə silah ixracının dayandırıldığını söyləyib. Türkiyəli nazir isə bu cür addımların Türkiyəni çətin vəziyyətə salmayacağını bildirib:
“Bizə qarşı bu cür münasibət milli müdafiə sənayemizin güclənməyində vasitəçi rolunu oynayır. Türkiyə heç bir vaxt çarəsiz deyil”.
Çavuşoğlu Almaniyanın bəyanatlarını anlamaqda çətinlik çəkdiklərini də əlavə edib:
“Almaniya bizim müttəfiqimizdir, ancaq bizdən nə istəyirlər başa düşmürük. Yəqin ki, bu cür populist çıxışlar onlara seçki kampaniyasında kömək olacaq. Belə bir deyim var: “Pis qonşu adamı ev sahibi edər”. Onlar da silah satışından imtina etməklə milli müdafiə sənayemizin inkişafına təkan verirlər”.