Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Rusiya, İran və Türkiyə arasında gərginlik barədə açıqlama verib.
Yenicag.az türk mediasına istinadən bildirir ki, Çavuşoğlu Rusiya və İranın Türkiyə səfirlərinin nazirliyə çağırıldıqlarını bildirərək, Suriyada qarşılıqlı inam yaratmaq istədiklərini söyləyib:
“Təhlükəsizliyi təmin edilmiş bəzi dəhlizlər var. Bunlar dinc əhalinin İdlibə təhlükəsiz şəraitdə keçməsi üçün idi. Amma bəziləri bu keçidlərdən terror təşkilatlarını müdafiə etmək üçün istifadə edirlər”.
Çavuşoğlu Rusiya və İrana çağırış edib:
“İran və Rusiya boyunlarına götürdükləri öhdəlikləri yerinə yetirməlidir. Onlar Suriyada Əsəd rejiminin zəmanətçisidirlər, elə isə bu rejimin fəaliyyətini tezliklə dayandırsınlar. Çünki rejim İdlibdə irəliləyir, onların məqsədi tamam başqadır”.