Yenicag.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
O qeyd edib ki, yağan intensiv xarakterli leysan yağışlar nəticəsində iyunun 14-də Şəki rayonu ərazisindən axan Damarçınçaydan, Xızı rayonu ərazisindən axan Ataçaydan, Şabran rayonu ərazisindən axan Gilgilçaydan, İsmayıllı rayonu ərazisindən axan Göyçaydan, Ağsu rayonu ərazisindən axan Ağsuçaydan, iyunun 15-də gecə isə Şamaxı və Qobustan rayonları ərazisindən axan Pirsaatçaydan sel keçib:
“Ölkə ərazisində gözlənilən qeyri-sabit, yağıntılı hava şəraiti iyunun 17-si axşamadək davam edəcək”.
Asif Verdiyev sel təhlükəsi olan Balakən-Şəki, Quba-Qusar, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy, Qarabağ və Şərqi Zəngəzur ərazisindən axan çaylarda baş verə biləcək sel və daşqınla əlaqədar həmin ərazilərdə çayların sahilində yaşayan və orada istirahət edən vətəndaşlara diqqətli olmaları üçün çağırış edib.
O vətəndaşlardan mümkün qədər çayların sahilindən uzaqda eyni zamanda, təhlükəsiz yerlərdə durmalarını, sel hadisəsi zamanı çayların yaxınlığında dayanıb prosesi izləməmələrini tövsiyə edib:
“Nəzərə almaq lazımdır ki, bu, çox təhlükəlidir. Axının istiqamətinin hər an dəyişə biləcəyi heç kimə məlum deyil. Sel hadisəsi başlayan kimi dərhal həmin ərazi tərk edilməlidir”.