Cazibədar aktrisa: “Sevgi hormonların oyunudur”- MÜSAHİBƏ

İxtisasca həkimdir, amma rolunu elə məharətlə oynayır ki, sanki peşəkar aktrisadır. Söz yox ki, istedad birincidir, amma etiraf etməsə də, uğurlarına görə xarici görünüşünə minnətdar olmalıdır. “28 iyun”, “Pərvanələrin rəqsi”, “Susmuş vicdan” və digər serialların qəhrəmanı Xanım İbrahimovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Xanım, bildiyimə görə ixtisasca həkimsiniz. Həkim hara, serial hara?

– Bəli, mən Tibb Universitetinin 1-ci müalicə profilaktika fakültəsini bitirmişəm, ixtisasca həkim-kardioloqam. Həkim kimi də çalışıram. Amma bu işi çox sevirəm. Belə bir deyim var, əgər bir ömür boyu işləmədən pul qazanmaq istəyirsənsə, onda sevdiyin işlə məşğul ol. Hələ I kursda ikən məni model kimi işə dəvət edirdilər, amma mən qəbul etmirdim, çünki dərslərimiz ağır idi. V kursda isə artıq model agentliyində fəaliyyət göstərməyə başladım, bir sıra dünya model yarışmalarında iştirak etdim. Fəxriyyə Xələfovanın milli geyim kolleksiyasinda bir çox ölkələrdə keçirilən “Azərbaycan Mədəniyyəti Günləri”ndə ölkəmizi təmsil etdim.

– Buna görə yəqin ki, xarici görünüşünüzə minnətdarsınız, eləmi?

– Böyum 175 sm-dir, həm də onda bütün bədən ölçülərim də model kimi çalışmağıma imkan verirdi.

– Bəs indi necə, ölçüləriniz dəyişib?

– Ana olduqdan sonra bir qədər kökəldim. Amma indi yenə əvvəlki ölçüdəyəm.

– Bəs sizi ilk dəfə aktrisa kimi hansı rejissor kəşf etdi?

– Seriala qədər klipdə çəkilmişdim. Elxan Cəfərovun rejissorluğu ilə Xəyyam Nisanovun “İndi bildim, indi” adlı klipində çəkildim. Onda artıq kamera qarşısında dayanmağı öyrəndim. Sonradan məşhur reklam roliklərinə dəvət aldım, aparıcı kimi də fəaliyyət göstərdim. Xəzər televiziyasında “Sağlıqla” adlı tibb verilişinin aparıcısı olmuşam. İlk dəfə Elçin Cahangirin “Susmuş vicdan” serialına çəkilmişəm. Onda model agentliyində işləyirdim, kastinqlərə qatıldım. Həmin serialın ikinci rejissoru Səbinə Həsənova və Elçin Cahangir məni seçdilər və seriala dəvət etdilər.

– Yadımdadır, həmin vaxt seriallar təzə-təzə çəkilirdi. İkinci dəfə “Pərvanələrin rəqsi”nə çəkildiniz. Rolunuz da çox sevildi…

– “Pərvanələrin rəqsi”ndə isə serialın rejissoru Rövşən İsaxın xanımı məni aparıcı kimi görüb, kastinqə dəvət etmişdi. Amma təklif Mehman Məmmədovdan gəldi. Düz deyirsiniz, Vəsilə obrazım çox sevildi. Sonra analıq məzuniyyətinə çıxdığım üçün bir müddət çəkilişlərə fasilə verdim. Və nəhayət, Xəzər televiziyasında ekranlaşdırılan “28 iyun” serialında baş rola dəvət olundum. Həmin seriala da məni yenə ikinci rejissor Mehman Məmmədov dəvət etdi.

– Elə bir aktyor varmı ki, onunla tərəf-müqabili olmaq arzusundasız?

– Bu barədə düşünməmişəm. Amma bu serialda İlqar Cahangirovla tərəf müqabiliyəm. Eşidəndə ki, onunla tərəf-müqabili olacağam, çox sevindim.

– Sizin üçün fərqi varmı, rol müsbət, ya mənfidir?

– Təsadüfdən ya nədənsə, indiyə qədər qismətimə müsbət obrazlar düşüb.

– İstərdinizmi ifritə, riyakar, ümumiyyətlə, mənfi bir obrazda oynayasınız?

– Kamera qarşısında komplekslərim yoxdur, istənilən obrazda çıxış edə bilərəm. Bu mənada, mənfi obrazı oynamaq mənim üçün maraqlı olardı.

– Məsələn, “28 iyun” serialında oynadığınız Aysel obrazı nəylə sizi cəlb etdi?

– Gülay Hüseynova elə bil məni hiss edib, yazıb bu obrazı. Çox maraqlı təsadüfdür. Aysel də mənim kimi həkimdir. Ümumiyyətlə, Aysellə oxşar cəhətlərimiz hədsiz çoxdur. İçimdə bir Aysel var yəni. Çox sevirəm bu obrazı.

– İndiyə qədər üç serialda çəkilmisiniz. Sizcə, hansı obrazınızı daha mükəmməl yaratmısız?

– Rejissorumuz Elmir Süleymanov məni “28 iyun” serialında demək olar ki, kəşf etdi. Çünki məhz bu serialdan sonra mənə iki məşhur xalq artistindən və bir çox insanlardan çox böyuk təriflər gəldi. O qədər xoş sözlər dedilər ki, utandım.

– Yəqin cəkilişlərdə başınıza maraqlı hadisələr də gəlib. Bəlkə birini danışasınız…

– “Pərvanələrin rəqsi” serialının birinci bölümündə, Vəsilənin qaçırılma səhnəsinin çəkilişində kameralar gizlin yerləşdirilmişdi. Küçədən keçən insanlar elə bilmişdilər ki, doğrudan da qız qaçırdırlar. Sonradan Kamran rolunu oynayan Anar Heybətova hadisəninin necə baş verdiyini danışıblar. Hətta əlimdən düşən telefonun qırıqlarını yığışdırıb, kömək etməyə çalışırdılar. Bir qadın isə hətta qarğış da edirdi.

– Söhbət əsnasında dediniz ki, kamera qarşısında kompleksiniz yoxdur, bəs həyatda?

– Çox diqqət mərkəzində olmağı sevmirəm.

– Utancaqsınız?

– Yox, qətiyyən.

– Özünüzə əminsiniz yəni…

– Düşünürəm ki, hər bir insanın savadı, ağlı varsa, özünə güvəni tam olur.

– Bəs gözəllik?

– Dərin düşüncəli, savadlı, daxili aləmi zəngin olan hər bir insan gözəldir!

– İnsanlarla məsafə saxlayırsınız?

– Bəli. Ancaq illərin sınağından çıxmış insanları yaxına buraxıram. Hər şeyin təzəsi, dostun köhnəsi.

– İnsanlarda hansı xüsusiyyət sizi özünüzdən çıxara bilər?

– Ən çox dəyərləndirdiyim xüsusiyyət sadəlikdir. Mən sosial statusundan asılı olmayaraq hər bir insana hömətlə yanaşıram. Təkəbbürlü, insanları aşağılayan adamları görməyə gözüm yoxdur.

– Həyat yoldaşınız kimdir, sənətdə sizi dəstəkləyirmi?

– Mən model agentliyində çalışarkən onunla tanış olmuşam, 2008-ci ildə də evlənmişik. Mühəndisdir. Sənətimə hörmətlə yanaşır.

– Yəqin ki, birlikdə yolda gedərkən, yaxud da hansısa məclisdə sizi göstərib deyirlər ki, bu xanım serialda oynayan aktrisadır. Yaxınlaşıb şəkil çəkdirənlər də olur yəqin. Həyat yoldaşınız belə olan halda, necə davranır?

– Mənə adətən, xanımlar yaxınlaşıb, təəssüratlarını bildirirlər. Şəkil çəkdirənlər də olur. Adətən, hörmət hissilə yaxınlaşırlar, həyat yoldaşım da bunu normal qəbul edir. Elə serial zamanı da qısqanclıqlar olmur, çünki oynadığım obrazlar elədir ki, qısqanclığa, qadağalara əsas vermir.

– Yeri gəlmişkən, açıq-saçıq rollara çəkilərsiniz?

– Yataq, öpüş səhnələrini nəzərdə tutursunuz?

– Bəli.

– Amma olmayıb. Ümumiyyətlə, bu barədə danışmaq istəmirəm.

– Onda gəlin ailənizdən danışaq. 8 ildir evlisiniz, sevginiz hələ adiləşməyib ki?

– Bu, tam normal fizioloji haldir. Elbəttə ki, ilk həyəcan olmur.

-Yəni sevgi atəşi sönür?

– Sevginin sönməməsi üçün vaxtaşırı odun üstünə yağ tökmək lazımdır. Əslində, sevgi orqanizmdə gedən biokimyəvi prosesdir, hormonların oyunudur. Hər bir insanın oz genetikasına uyğun hormonal fonu var. Şüuru və şüuraltısı var. Kimdəsə 3 günə sönür, kimdəsə 3 ilə… Sonra isə yerini digər daha güclü hisslərə ötürür. Sadəcə, bundan sonrasını şüur qavrayıb, idarə etməlidir.

– Xəyanət qorxusu olur?

– Yaş artdıqca yox.

– Türkiyədə hansısa seriala çəkilmək istərdinizmi?

– Kim istəməz ki? Əlbəttə belə bir şans olsa, istərdim.

– Maşallah, həm model kimi çalışmısınız, həm aparıcı, həm də aktrisa.

– Düşünürəm, insan həyatda qarşısına çıxan bütün şanslardan düzgün şəkildə istifafə edib, həyatına rəng qatmalıdır.

– Başqa hansı qabiliyyətinizlə öyünürsünüz?

– Biş-düş qabiliyyətimlə özümü tərifləyə bilərəm. Azərbaycan,Yapon, Çin, italyan, gürcü mətbəxinə aid bütün yeməkləri dadlı bişirirəm. Necə deyərlər, həyat yoldaşım “doşab alıb, bal çıxıb”…

 

Cəvahir Səlimqızı

Yenicag.az