Aktrisa Zülfiyyə Məmmədnəzərova «Laləli saray» serialında canlandırdığı Nigar obrazına görə insanlar tərəfindən tənqid atəşinə tutulub.
Yenicag.az-a açıqlama verən aktrisa getdiyi məkanlarda və sosial şəbəkədə məzəmmət olunub:
«Nigar əslində fədakar, ailəsinə dəyər verən bir xanımdır. Eyni zamanda, qardaşının uşaqlarına yol göstərir, məsləhətlər verir. Bu seriala baxanlar mənə yazdılar ki, bəsdir başqalarının həyatına qarışdın, qardaşın uşaqlarının həyatına müdaxilə etdin, sən kimsən camaata ağıl öyrədirsən? Get öz həyatını yaşa, əl çək onlardan, insanları bezdirmə. Hətta insanlar üzümə kobud sözlər deyib, məni acılayırdılar. Onlara başa salsam da ki, bu sadəcə obrazdır, inanmırdılar. Amma özlüyümdə düşünürəm ki, bu nifrətin əsasında obrazımı belə təbii oynamağım dayanır».
Maraqlıdır, həyatda necə, aktrisa qardaşının ailəsinə müdaxilə edirmi?
Aldığımız cavab belə oldu:
« Arada baldızlıq edirəm, gəlinin işlərinə qarışıram. Necə baldız olduğumu deyə bilmərəm, ancaq onu bilirəm ki, gəlin əlimdən yanıqlıdır (Gülür). Çünki deyir Allah bəxtini açsın, çıxıb ərə gedəsən».
Cəvahir