Cəbhəboyu ərazilərdə “Toçka-U” taktiki raketinin və top mərmilərinin qalıqlarını aşkarlandı – FOTO

Oktyabrın 11-i Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Ağdam, Ağcabədi, Beyləqan, Füzuli, Goranboy, Tərtər rayonları, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisinə mərmilərin düşməsi barədə Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən – 31 (otuz bir) və Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən 2 (iki) müraciət daxil olub.

ANAMA-dan Yenicag.az-a verilən məlumata görə, daxil olmuş 33 çağırış əsasında Agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən Ağdam rayonunun Əfətli, Zəngişalı, 1-ci Alıbəyli kəndləri, Ağcabədi rayonunun Hacıbədəli, Tanyaq, Ağgöl, Yuxarı Qiyaməddinli, Hacılar, Şotanlı kəndləri və Hindarx qəsəbəsi, Füzuli rayonunun Şükürbəyli və Arayatlı kəndləri, Goranboy rayonunun Tapqaraqoyunlu kəndi, Gəncə, Mingəçevir və Naftalan şəhərləri ərazisində Daxili İşlər Nazirliyinin əməkdaşları ilə birlikdə 31 operativ və təxirəsalınmaz əməliyyat çıxışı həyata keçirilib. Aparılmış əməliyyat-axtarış tədbirləri zamanı 1 ədəd 300 mm-lik 9M528 raketinin döyüş başlığı, 2 ədəd partlamış “Toçka-U” taktiki raketinin (9M79M) və 31 ədəd müxtəlif çaplı partlamış top mərmisinin qalıqları aşkar olunub.

Ümumilikdə Agentlik tərəfindən 27 sentyabr – 11 oktyabr 2020-ci il tarixlərində 499 siqnal (əməliyyat çağırışı) əsasında 454 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olmuşdur ki, nəticədə Ağdam, Ağdaş, Ağcabədi, Bərdə, Beyləqan, Biləsuvar, Cəbrayıl, Goranboy, Naftalan, Füzuli, Tərtər, Şəmkir, Hacıqabul, Zərdab rayonları, Gəncə və Mingəçevir şəhərləri ərazisində ev və həyətyanı sahəyə, neft kəmərinin yaxınlığına, Mingəçevir İES-in ərazisinə, Cənubi Qafqaz Boru Kəmərinin yaxınlığına, əkin və otlaq sahələrinə, yol kənarına, meşə massivinə, məktəbə baxış keçirilib, 86 ədəd partlamamış hərbi sursat (PHS), 863 ədəd 9M525 bombacıqları, 1 180 ədəd müxtəlif çaplı patronlar, 6 ədəd hərbi məqsədlər üçün istifadə olunan meteoroloji radiopelenqator, 2 ədəd dron (zərərsizləşdirilib), 2 ədəd raketin mikrosxemi və 154 ədəd partlamış raket hissələri aşkar olunub.