Cəbhədə “1 gülləyə 5 güllə prinsipi”nin ortaya gəlmə vacibliyi… – ŞƏRH

“Zakir Həsənovun illər öncəki qətiyyətli “bir atılan gülləyə beş güllə atın” mesajı cəbhədə təxribata öyrəşmiş və özünü azad sayan erməni hərbçiləri ağır itkilərə məruz qoydu”.

Yenicag.az xəbər verir ki, bunu “MediaPost”a açıqlamasında ehtiyatda olan zabit, hərbi ekspert Abuzər Əbilov deyib.

Onun sözlərinə görə, nazirin bu əmrindən sonra ermənilər demək olar ki, təxribatlardan əl çəkməli oldular:

“Azərbaycan Respublikasının Müdafiə naziri Zakir Həsənovun korpus və briqada komandirlərinə “düşmənin təxribatının qarşısını alın” əmri sosial şəbəkələrdə müzakirə mövzusuna çevrilib. Bunun əsasında bir məqam durur. Beynəlxalq təşkilatlar ikili siyasət apararaq BMT-nin işğalçıların ərazilərimizi qeyd-şərtsiz tərk etməsi ilə bağlı 4 qətnaməsini adi kağız sayırlar, Azərbaycana “Sülh platforması” yeritməklə məşğuldurlar. Məhz bu “platforma” cəbhədə gərginlik olanda işə düşür. Nədənsə, Azərbaycan kəndləri atəşə tutulanda, körpələrimiz öldürüləndə bu, “sülhsevərlərin” yadına düşmür. Beynəlxalq təzyiqlərlə üzləşən Azərbaycan da bir müddət cəbhədə nisbi sakitliyə riayət etdi. Lakin yadınızdadırsa, Zakir Həsənov illər öncə qətiyyətlə “bir atılan gülləyə beş güllə atın” mesajını vermişdi. Bundan sonra cəbhədə təxribata öyrəşmiş və özünü azad sayan erməni hərbçilər ağır itkilərə məruz qaldılar. Demək olar ki, təxribatlardan əl çəkməli oldular”.

Hərbi ekspert bildirib ki, bir müddət sonra “sülhsevərlər” Müdafiə nazirinin əmrini yumşaltmağa nail oldular:

“Lakin Tovuz döyüşlərindən sonra daha heç kim bu “sülh qaranquşlarına” inanmır. Dəfələrlə ATƏT-in Minsk Qrupunun rəhbərləri haqqında tək xalq yox, ölkənin ziyalı və siyasətçiləri neqativ fikir bildirərək, bu qurumun lazımsız və fəaliyyətsiz olduğunu dilə gətiriblər. Tovuz döyüşlərindən sonrakı geosiyasi vəziyyət Azərbaycanın bir daha əvvəlki məcraya yönəlməyəcəyini göstərdi, regionda minsifətli Rusiyanın “silah daşıma” oyunlarını ortaya qoyduq. Türkiyənin regionda fəallaşması da bu əsrin isti olacağını vəd edir. Bu baxımdan da artıq Azərbaycanın hər dəfə status-kvo diktə edən beynəlxalq təşkilatların istəyinə uyğun davranmayacağı məlumdur”.

COP29