!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cəhənnəm”də 13 ay: “Daşla erməninin boynunun arxasından vurdum…” – Əsirlikdən qaçış - TARİXÇƏ

!Reklam – Yazi

“Ermənilər sonradan fikirlərini dəyişiblər ki, bir “Niva”ya 11 hərbi əsir dəyişmək olmaz”.

Dərsdən qaçırıq, üstündən uzun illər keçir, bu hərəkətimizi bir qəhrəmanlıq kimi xatırlayırıq. Əsgərlik dövründə hərbi hissəni icazəsiz tərk edirik, bu da bizə bənzərsiz macəra olaraq, görünür. Hər dəfə daha gözəl danışmağa, təsvir etməyə çalışırıq.

Həyatda hər kəsin özünəməxsus “qaçış” tarixçələri var. Biri dərsdən, digəri hərbi hissədən, bir başqası işdən qaçır… Ancaq həyatda barmaqla sayıla biləcək qədər insanın taleyinə əsirlikdən qaçış da yazılır. Qarabağ müharibəsi zamanı yüzlərlı soydaşımız əsir düşüb. Onlardan neçə nəfəri qaça bilib? Çox az. Barmaqla sayılacaq qədər…

Müharibə vaxtı uşaq olsam da, bu günə qədər yadımdadır. Haray düşdü ki, 3 soydaşımız erməni əsirliyindən qaçıb. Həmin əsirlərdən biri – Anar Məmmədovla söhbəti artıq oxuyubsuz.

Yenicag.az bu dəfə həmin əsirlərdən 2-cisi – Amil Əhmədovla müsahibəni təqdim edir.

Əhmədov Amil Əhməd oğlu. 1973-cü il oktyabrın 18-də Beyləqan rayonunun İkinci Aşıqlı kəndində anadan olub. Milli Ordu yarananda ilk çağırışçılardan olub. Beyləqan rayon özünümüdafiə batalyonunda xidmət edib.

1992-ci il iyul ayının 1-də hərbi xidmətə yollanıb. Bir ay kazarma şəritində xidmət etdikdən sonra Xocavənd rayonunun Əmralıllar, Muğanlı, Kurpatkin və Qaradağlı kəndi istiqamətində yerləşən mövqelərə göndərilib. O kəndlər işğal olunana qədər həmin ərazidə xidmət edib. Ondan sonra isə Şişqaya, Ağburun istiqamətində xidmətini davam etdirib. 1993-cü il avqustun 23-də əsir düşənə qədər orada olub.

– Hansı şəraitdə əsir düşdünüz?

– Avqustun 23-də Füzuli işağl edilmişdi. Füzulidə Qızılqaya postu var idi. Şişqaya ilə Qızılqaya yan-yana iki dağ idi. Birində Beyləqan özünümüdafə batalyonu yerləşirdi. Digərində isə “Yapon”nun batalyonu deyilən tabor mövqe tutmuşdu. Füzuliyə hücum olunan gün bizim postlara da hücum edildi. Texnikamız yox idi. Biz həmin postdan çıxdıq, Ağburunda mövqe tutduq. Orada 2 gün idi mövqe tutmuşduq, səngər qazırdıq. Ermənilər qəfil texnika ilə hücuma keçdilər. Bizdə avtomatdan başqa silah yox idi. 18 nəfər bir istiqamətə çıxdıq. Ermənilər də bizim arxamızca gəldilər. Atəş açırdılar. Qolumdan yaralandım. Yanımda bir nəfər vardı, birlikdə gedirdik. Birdən o yıxıldı, başından ölümcül qəlpə yarası almışdı. Onun cəsədini görəndən sonra heç nə edə bilmədim. Nə onun meyidini götürə bildim, nə də özüm hərəkət edə bildim. Yaxınlıqdakı köhnə səngərlərə girdim. Ermənilər bizi mühasirəyə alaraq, BMP-2-ni postun içərisinə saldılar. 18 nəfərdən 7-sini arxadan vurdular. Qalan 11 nəfər təslim olduq. Bizi BMP-2-də köhnə postlarımıza gətirdilər. Gecəni orada saxlayıb, səhəri gün Xocavəndə apardılar. Xocavənddə saxlayanda bizə dedilər ki, sizin əsirlərdən biri bizim qərargah rəisinin qırmızı rəngli “Niva” maşınını qaçırıb. Orada bizdən 4-müzü – Məmmədov Anarı, Qarayev Namiqi, İlqarı və məni polis bölməsinin zirzəmisində saxlayırdılar. Uşaqların 6-nı isə başqa yerə aparmışdılar. İlqar dedi, yəqin bizi “Niva” ilə dəyişəcəklər. Onun valideyinləri “Niva”nı MTN-dən alıb, aparıb Ağdamın Göytəpə kəndində ermənilərə göstəriblər. Ermənilər sonradan fikirlərini dəyişiblər ki, bir “Niva”ya 11 hərbi əsir dəyişmək olmaz. Həmin gecə bizi apardılar Şuşa türməsinə. Gecə saat 12-də oraya çatdıq. İki gecə türmədə qalandan sonra tamamilə haldan düşümüşdüm. Yaralı idik, on gündür, heç nə yemirdik. Orada Elman adlı ləzgi vardı. Dedi, səni burada öldürəcəklər. Türmə rəisindən xahiş etdi, məni özü ilə apardı dəmirçi sexinə. Dəmiri tuturdum, o da nəsə düzəldirdi. Türmənin divarında deşik var idi, oradan digər əsirləri necə döydüklərini görürdük. Elman məni özü ilə aparmasaydı, orada döyülməkdən ölərdim, onsuz da güclə hərəkət edirdim. Səhəri günü tezdən uşaqları böləndə, bir “Moskviç” gəldi. Bir nəfər düşdü. Dedi, mənə 4-5 nəfər cavan adam lazımdır. Həmin erməni bizə baxdı, dedi, bunlar ayaq üstə ölürlər, işləyə bilməyəcklər. Ona yalvardıq ki, bizi aparsın. Çünki iki gün kənara çıxsaq, özümüzə gələcəkdik. Bizi apardı. Bir il bir ay Həsənabad kəndində saxlanıldıq.

– Nə işləyirdiniz?

– Yaralı olanda erməninim 20-ə yaxın mal-qarası var idi, onları otarırıdım, “parnik”də işləyirdik. Bir də bizi Ağdama aparırdılar, orada evləri sökürdük.

– Döyürdülər?

– Bizi türmədə çox döyürdülər. Döyülmək adi şeydir. Ona həmişə razı idik. Türmədə olanların adı döyülməkdir, özü isə tamam başqa şeydir. Sözlə ifadə etmək olmur.

– Samvel Babayanın “parnik”ində işləyirdiniz?

– Bəli.

– Ən çox yadınızda nə qalıb?

– Açığı, hər gün sağ qalmağım. Əgər bu gün də sağ qalırdıqsa, sevinirdim. Evə məktublar yazırdıq. Axırıncı məktubda yazmışdım ki, “elə bir yerdəyəm ki, 1 il, bir aydır dözmüşəm. Əgər mənə kömək edə bilməsəniz, məndən əlinizi üzün”. Məktubu əsirlikdən qaçandan sonra Bərdədən gedib götürdüm. Beynimdə iki şey var idi. Ya qaçmaq, ya da özümü öldürmək. İkisindən birini edəcəkdim.

– Qaçış necə baş tutdu? Planlamışdınız, yoxsa qəfil alındı?

– Kəndə işləməyə gələndə, üç qumbara götürmüşdük. İkisi məndə idi, biri isə Valehdə. Valeh o qumbara ilə öznü partladıb öldürdü. O iki qumbaranı ona görə saxlayırdım ki, birdən bizi nə vaxtsa Şuşa türməsinə aparsalar, onları cibimə qoyub, girəcəm maşına və partladacam. Şuşa türməsi dəhşətli yer idi. Afin Yəhyayev məndə qumbara olduğuna inanmırdı. Ona göstərdim. Ağdama gedəndə onları mənim əlimdən aldı, atdı. Dedi, təlim üçündür bunlar. Sonra boynuna aldı ki, gördüm, fikirin ciddidir, ona görə alıb, atdım.

Amil əsrilikdə yazdığı məktubları göstərir. Gah gülür, gah əsəbləşir… Deyir, o məktubları özümlə 16 kilometr çayla hərəkət edib, gətirmişəm. Masasının üstündə “Qurani-Kərim”in “Yasin” surəsi var. Deyir, bu kitabı Ağdam məscidindən götürmüşəm. Məsciddən kitabı götürəndə, erməni soruşdu ki, bu nədir? Dedim, “Quran”. Əlimdən alıb, atdı kənara. Sonra gedib onu yenidən götürüb cibimə qoydum. Qaçanda da özümlə gətirdim.

– Qaçmağa əvvəl də cəhd göstərmişdiniz? Olubsa, niyə alınmayıb?

– Dəfələrlə olub. 3-4 nəfər gəlirdik, qaçmağa qərar verdik, son anda biri imtina edirdi deyə, alınmırdı. Uşaqların hamısını artıq tanıyırdıq. Kimlərin ürəkli olduğunu bilirdik. Bu qaçış adamlara adi gələ bilər. Biz hərbi hissədən qaçmırdıq, dərsdən qaçmırdıq. Bu, əsirlikdən qaçış idi. Ölümü yüz faiz gözə alıb bu addımı atmalısan. Ölümlərdən ölüm bəyənməlisən, bunu edəndə. Afin Anarla mənə kişi kimi söz vermişdi ki, gördüm ələ keçirik, əvvəl sizin ikinizi, sonra da özümü vuracam. Tək buna arxayın idik. Qaçış çoxdan planlanlansa da, alınmırdı. Üçümüz birdən qaçmalı idik. Elə olurdu ki, Ağdama ikimiz gedirdik, birimiz qalırdıq. Üçümüz eyni vaxtda gedə bilmirdik.

Qaçış

Afinlə mən Ağdama gəlsək də, Anarı bizə qoşmadılar. Dedilər, Anar qalacaq. Anara “parnik”lərin üstünə ütü ilə salafanı yapışdırmağı tapşırmışdılar. Adam axtarırdıq. Söhbət elə alındı ki, Anar də bizə qoşulası oldu. Vahan adlı erməni var idi. Dedi, Anar getsə, qayıdandan sonra səhərə qədər salafan yapışdıracaq. Mən dədim ki, Anar getsə, mən də ona kömək edəcəm. Gəlmək nədir, hər şeyi cibimə yığmışdım. Gecədən hər şeyi hazırladıq, qərar verdik. Həmin gün möhkəm yağış yağırdı. Bir neçə dəfə Afinə dedim, neyniyək? Dedi, tələsməyin. Sürücü maşına yüklədiyimiz daşı boşaltmağa getmişdi. Yanımızda tək nəzarətçi qalmışdı. Mən lapetin üstündə idim. Anar əhəng quyusunu açır, Afin də vedrələrlə gətirib tökürdü çənlərə. Afinə dedim, neyləyək, nəzarətçinin silahını alaq? Yenə dedi, tələsməyin. Dedim, qaçacaqsan? Dedi, hə. Dedim, onda bu çənləri doldurub köpəyuşağına niyə hazır qoyuruq. Nəzarətçi səsimizi eşitdi. Dedi, nə söhbət edirsiniz orada? Cavab verdim, uşaqlar deyir, Volodyaya de ki, çörəyi versin yeyək. Erməni dedi, yeməyinizi ağacın yanına qoymuşam. Get, yeməyi gətir, onlara da ver, özün də ye, sonra işləyin, tez qurtarın, maşın gələcək. Nəzarətçinin çiynində avtomat var idi. Yağış onu vurmasın deyə lapetin altında dayanmışdı. Yeməyi götürüb ona tərəf gələndə, lapetin altından çıxdı. Gördüm Anar da gəlir. Ona çatan kimi yeməyi tulladım, onu qucaqladım. Anar özünü yetirdi. Avtomatı çiynindən çıxardıb Afinə verdi. Onun əlini-qolunu bağlayıb, bir xırda dam var idi, ora atdıq. Anar onun yanında qalmışdı. Başladıq işləməyə. Yola baxanda, gördük, erməni gəlir. Bir əlində avtomat, obirində balta var idi. Afinə dedim, əgər biz tərəfə gəlsə, onu vur, silahıni götürək. Ancaq o, biz tərəfə dönmədi. Bir qədər sonra “KamAz” gəldi. Sürücü mənə “əmi” deyirdi. Volyodyanı soruşdu. Dedik, həyətdədir. Bizə dedi, tez-tez işləyin, gedək. Afinə dedim, iksini də öldürək, mən maşını işə salacam. Özümə söz vermişdim ki, maşına oturub sona qədər sürəcəm, ya partladacaqlar, ya da keçəcəyik öz tərəfimizə. Güllə səsi gəldi. Elə bildim Afin ermənini öldürdü. Gəldim ki, nə öldürmək, Afinin əlindən avtomatı almaq istəyir. Daşla erməninin boynunun arxasından vurdum. Təsir eləmədi. Arxadan yapışdım boynuna, əlimi saldım ağzına, başladım çəkməyə. Bilmirdi, məni kənarlaşdırsın, yoxsa özünü avtomatdan qorusun. Onu yıxdım yerə, Afin də başından güllə ilə vurdu…

Afinə dedim, sən get o biri ermənini də öldür. Oturdum maşına. Günorta möhkəm yağış yağırdı. Oradan düz Novruzlu kəndinə qədər “Kamaz”la irəlilədik. Kəndin içərisində başqa əsirlər də var idi. Orada sarı rəngli “Kamaz” dayanmışdı, yanında da hərbçilər. O məhəllədən keeçib başqa küçəyə döndüm. Gördük ki, maşınla birbaşa keçə bilməyəcəyik, gəldik köhnə mal fermasına. Müşahidə apardıq. Gördük, getmək mümkün deyil.

Noyabr ayı idi, çayda su buz kimi idi. Afin dedi, ancaq suyun içərisi ilə getməlyik. Hava qaralanda girdik suya. Qorxu başqa şeydir. Hiss edə bilmədim ki, o su soyuq idi, yoxsa isti. Afin əlində avtomatla qabaqda getməyə başladı. Ortada mən, arxamca da Anar gəlirdi. Qaranlıq gecə, narın yağış yağır…. Anar gəlib mənə çatdı. Dedim, Afin avtomatı götürüb gedib, hava indi işıqlanacaq, bura qədər gəlmişik, dayanan deyiləm, çayın içi ilə gedəcəm. Qaça-qaça getdim, Afinə çatdım. Dedi, dayan, ermənidən əsər-əlamət yoxdur. Gəlib əziyyətlə öz tərəfimizə keçmişik, səsə-küyə özümüzünkülər atəş açıb bizi atıb öldürəcəklər. Dedi, siz dayanın, çayın içindən çıxdıq, təpəni aşan kimi düşdük səngərin içinə. Öz əsgərlərimizi görsək də, onlar da bizi görmədilər. Birbaşa girdik kəndə.

Şokdaydım. Deyirdim, çatan kimi bir maşın tutub gedəcəm evə, qapını açıb deyəcəm ki, gəldim. O boyda əsirlikdən qaçıb gəldim, ancaq birbaşa evə getməyim alınmadı. Üst-başımız su, palçıq idi. Soyunduq, paltarımızı qurutdular. Hava işıqlananda bizə dedilər, gözləyin təzə forma versinlər. Söhbət uzandı, sonra dedilər, sizi dindirməlidirlər. Onda dedim, bundan sonra lap aparıb 10 il iş versinlər, güllələsinlər. Əsas odur Azərbaycandayam. Bir gün erməni əsirliyində olmaq ən aşağısı 10 il türmədə yatmağa bərabərdir. Bir gündə başına gələnlərlə on il türmədə yatsan, qarşılaşmazsan. Bizi aparıblar Malıbəyli, Quşçular meşəsi deyilən yerə. Ayağımız yalın. Dərədə odunu bizə doğradıblar, deyiblər qaldırın yuxarı. Ayaq yalın, qarın ac, necə qaldırım? Yuxarı qaldırmışıq, maşına yükləmişik. Gətirib boşaltmışıq. Bir stəkan su, bir parça da quru çörək veriblər. Sonra deyiblər, səhərə qədər odunları sobaya uyğun şəkildə doğrayın. Hər gün döyürdülər. İşgəncə verirdilər. İnsanın üzü çox pisdir, o zülmdə biz yaşadıq, sağ qaldıq. İnsan hər şeyə dözərmiş…

Səxavət Məmməd

www.yenicag.az

6460
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv