Cəlaloğlu, Səməd Vurğun, Səmədoğlu və Rəqsanə – Azər Həsrət yazır

Azər Həsrət, [email protected]

Bugünlərdə Hikmət Hacızadənin Səməd Vurğunla bağlı uyğunsuz deyə biləcəyimiz ifadələri müzakirə olunmaqdadır. Mövzuyla bağlı yazmaq fikrim vardı. Amma işlərin çoxluğundan bunu edə bilmirəm. Ona görə də hələlik illər öncə bənzər durumda qələmə aldığım bir yazını paylaşaraq mövzuya münasibətimi ifadə edirəm.

Sərdar Cəlaloğlu Azərbaycanın xalq şairi, bütün dövrlərin ən usta şairlərindən biri və çox zaman da birincisi olan Səməd Vurğun haqqında uyğunsuz, bayağı və bir siyasi liderə yaraşdırmayacağımız ifadə işlədib. Biz o ifadəni burada təkrarlamağı özümüzə rəva bilmədiyimiz üçün dəyərli oxucularımıza çatdıra bilmirik. Ancaq heç şübhə etmirik ki, hər kəs söhbətin nədən getdiyini bilir. Qeyd etdiyimiz kimi, bu cür ifadələrin siyasi iddialı şəxslərin dilindən səslənməsini heç bir zaman təqdir etmədik və indiki halda da Sərdar bəyə dostyana, açıq və nəzakətli bir şəkildə iradımızı bildiririk. Ancaq, məsələ heç də bunda deyil.

S.Cəlaloğlunun şair haqqında fikirlərinə Səməd Vurğunun oğlu Vaqif Səmədoğlunun verdiyi cavab da, birincinin fikrindən fərqli dəyərləndirilə bilməz. Sonuncu, Sərdar bəyin açıqlamasını şərh edərkən onu müğənni Rəqsanəyə bənzətməklə, əslində, qaş düzəltmək istərkən göz çıxarıb. Amma böyüklərin arasında olan müzakirə və mübahisələrə qarışmaq kimi bir iddiamız olmadığı üçün bunun da üzərindən keçirik. Çünki məsələ heç bunda da deyil…

Sərdar bəyin ilk açıqlaması, verilən cavab və cəmiyyətin təpkisi onun bir az da dərinə getməsinə, özünün haqlı olduğunu sübut etməyə çalışmasına gətirib çıxardı. İşimiz yox, adam bir söz deyib, arxasında da durmağa çalışır. Ən azından siyasət adamı olaraq dediyini sübut etmək kimi bir məcburiyyəti var axı…

Səməd Vurğunla bağlı bu dartışmalar çoxdandır düşünüb də yazmadığımız bir mövzunu qələmə almaq üçün yaxşı mənada yaxşı bir bəhanədir əslində. Çünki biz zaman-zaman görürük ki, biriləri keçmişi təftişə məruz qoyur, çoxdan dünyasını dəyişmiş insanların kimliyi ətrafında uyğunsuz ifadələr işlədir, onları hansısa əməllərinə görə ittiham edir. İndiki olay da bu qəbildəndir.

Səməd Vurğun Azərbaycan Sovet şairidir. Bütün şüurlu ömrünü o quruluşda yaşayıb və başqa, fərqli quruluşu təsəvvür etməyə belə fürsəti olmayıb. O, on milyonlarla Sovet vətəndaşı kimi elə bir rejimdə yaşayıb ki, burada nəinki başqa cür yazmaq, heç başqa cür düşünmək belə mümkün deyildi. Düşünənləri mütləq şəkildə yox edirdilər. Təkcə özlərini deyil, yaxınlarını, əzizlərini, ailələrini də yox edirdilər. Nəslini kəsir, kökünü qazır, yer üzündən silirdilər. O rejim elə bir rejim idi. Düzdür, bütün bunları gözünün altına alan, hər şeyini millət yolunda fəda edənlər də az olmayıb. Ancaq bunu etməyənləri də indi, xüsusən də söz azadlığı, internet kimi Səməd Vurğun dönəmi nəslinin ağlına belə gəlməyəcək geniş imkanlar şəraitində tənqid deyil də, təhqir etmək, bizim fikrimizcə, yanlışdır. Həm də kökündən yanlış.

Bu gün biz Səməd Vurğun və onun kimi həmin dövrün ziyalılarını, şair və yazıçılarını təftiş edərək fikir yürütməkdə haqlı deyilik. Bilirsinizmi, niyə? Çünki Səməd Vurğunun bizim tək tərəfli olaraq irəli sürdüyümüz iddialara cavab vermək imkanı yoxdur. Sağ olsaydı, yaşasaydı, məgər o, bu gün özü haqqında səslənən fikirlərə aydınlıq gətirməkdə aciz qalarmıydı? Əsla!

Sözümüzün canı odur ki, həmin dövrdəki insanların davranışlarını indiki azadlıq şəraitində təftiş edənlər özlərini o adamların yerinə qoysunlar. Qoya bilmirlərsə (ki, bu zatən imkansız bir şeydir), onda özlərinin o dönəmdə yaşamış atalarını, babalarını göz önünə gətirib müqayisə etsinlər. Heç şübhə etmirəm ki, bu gün Sovet dönəmindəki ziyalılarımızı hədəf alanların ata-babaları, elə lap Səməd Vurğundan qat-qat artıq, həmin rejimə sadiq olublar. Aman, kimsə iddia etməsin ki, onun atası, babası dissident olub, Sovetlərə qarşı barışmaz mübarizə aparıb. Olsaydı, SSRİ dağılanda bizim də saxarovlarımız, soljenitsınlarımız çıxardı ortaya. Çıxdılarmı? Çıxdılarsa (bəzi istisnalarla), biz niyə görmədik?

Sonuncu fikirlərimizi birbaşa Sərdar bəyə ünvanlamırıq. Çünki onun gəlmiş keçmiş böyükləri haqqında bilgimiz yoxdur ki, Səməd Vurğunla müqayisə edək. Sadəcə, bəy əfəndinin böyük şairlə bağlı səsləndirdiyi ifadələr bizim üçün bir bəhanə oldu ki, mövzuya aid çoxdan düşündüklərimizi qələmə alaq. Və sonda istərdik ki, keçmişlə deyil, gələcəklə yaşamağa çalışaq. Kimsənin keçmişi dəyişmək imkanı olmadığı bu dünyada gələcəyi necə düzgün qurmaq haqqında düşünmək, bizə görə, daha məqsədəuyğundur. Səməd Vurğun kimi böyük şəxsiyyətlərimizin isə yanlışı olubsa belə, onların yaxşısını görmək, göstərmək, təbliğ etməklə gələcək nəsilləri daha dürüst yola çəkmə imkanlarımıza şərait yaranar ki, bu da insanlarımızda yaxşıya inamı, yaxşı vərdişləri çoxaldar…

Yenicag.az