Sosial şəbəkələrdən birində yayılmış görüntüdə Cəlilabad rayon sakini Saməddin Məmmədovun uzaq qohumu olan M.Cəfərovun rayonun vəzifəli şəxslərindən birinin xidməti avtomobilinin yanından sürətlə ötüb keçdiyi üçün saxlanıldığı barədə iddiaları qərəzlidir və heç bir əsası yoxdur.
Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, videogörüntüdə haqqında bəhs edilən Bakı şəhəri Qaradağ rayon sakini M.Cəfərov avqustun 31-də idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Cəlilabad rayonu ərazisində cəmiyyətə açıq şəkildə hörmətsizlik edərək avtoxuliqanlıq hərəkətləri etdiyi üçün saxlanılıb.
Onun barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və toplanmış materillar baxılması üçün Cəlilabad Rayon Məhkəməsinə göndərilib. Həmin şəxs özü ona istinad olunan inzibati xətanı törətdiyini və ziqzaqvari hərəkətlər etməklə avtoxuliqanlıq etdiyini etiraf edib, əməlindən peşman olduğunu bildirib.
Cəlilabad Rayon Məhkıməsinin qərarı ilə M.Cəfərov nəqliyyat vasitəsini idarə etmək hüququ bir il müddətinə məhdudlaşdırılmaqla 20 gün müddətinə inzibati qaydada həbs edilib.