Cəlilabadda baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar TƏBİB-in tabeliyindəki “113” Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları əraziyə cəlb edilib.
TƏBİB-dən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hadisə nəticəsində xəsarət alan 8 (7 qadın, 1 uşaq) nəfər TƏBİB-in tabeliyindəki Biləsuvar Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım bölməsinə yerləşdirilib. Onlara zəruri tibbi xidmətlər göstərilib.
Vəziyyətləri qənaətbəxş olan 6 nəfər (uşaq da daxil olmaqla) ambulator müalicə üçün evə buraxılıb. Hazırda tibb müəssisəsinin Cərrahiyyə şöbəsində 2 nəfərin müalicəsi davam etdirilir, vəziyyətləri orta ağırdır.
20:38
Cəlilabad rayonunda yol-nəqliyyat hadisəsi zamanı yaralanan şəxslər kartof sahəsindən qayıdan fəhlələr olub.
“Report”un məlumatına görə, “QAZel” markalı mikroavtobusun sürücüsü idarəetməni itirib, nəticədə nəqliyyat vasitəsi yol kənarındakı ağaca çırpılıb.
Hadisədə 8 nəfər xəstəxanaya müraciət edib. Yaralılar fərdi maşınlar və təcili tibbi yardım avtomobilləri ilə Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar.
Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.
Qəzaya səbəb kimi mikroavtobusun sükanında yaranmış problem göstərilir.