Cəlilabadda oğurluq edən şəxslər evi yandırdılar

Cəlilabad rayonunda evdən 16 min manat pul oğurlanıb. Hadisə Təzəkənddə İsayevlər ailəsinə məxsus evdə baş verib.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Lənkəran regional qrupundan məlumat verilib.

Evdən 16 min manat pul oğurlayan şəxs və ya şəxslər, cinayətin izini itirmək üçün pulun saxlandığı hissəyə od vurub. Həmən vaxtı qonaq gedən İsayevlər ailəsinə zəng edilərək evlərinin yandığı xəbərini veriblər.

Yanğın yerinə Fövqəladə Hallar Nazirliyinin Yanğından Mühafizə hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunub. Güclü külək və yağışlı havada yanğın lokallaşdırılsa da, sahəsi 130 kvadratlıq evin 50 kvadratının iç hissəsi yanıb. Yanğının evin digər yanar konstruksiyalarına keçməsinin qarşısı alınıb.

Hazırda vətəndaşın müraciəti əsasında araşdırma aparılır.

COP29