Cəmiyyət AMEA-nın dünyanı koronavirusdan xilas edəcəyinə niyə inanmır?

“Dünyanın aparıcı ölkələri koronavirusa qarşı vaksin hazırlaya bilmədiyi halda, bunu AMEA-nın edəcəyini düşünmək belə yersizdir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) koronavirusa qarşı peyvənd hazırlamaq üçün tədbirlərə başlaması xəbərinin cəmiyyətdə doğurduğu kinayəli reaksiyanı şərh edən tibb eksperti Rasif Bağırov deyib.

Rasif Bağırovun sözlərinə görə, AMEA-nın koronavirusa qarşı vaksin hazırlamaq üçün imkanları yoxdur:

“Hazırda dünyanın aparıcı ölkələri belə koronavirusa qarşı vaksin hazırlaya bilməyiblər. Yalnız Belçikada həmin vaksinin hazırlanması üzərində iş aparıldığı haqda məlumatlar yayılır.

Mövcud gedişatda AMEA-da koronavirus əleyhinə vaksin hazırlamaq üçün hərəkətə keçildiyi barədə məlumatlar ciddi qarşılanmır. Çünki AMEA indiyə qədər yalnız səhiyyə deyil, digər sahələrdə də hər hansı ciddi elmi uğuru ilə seçilməyib. O baxımdan, AMEA-nın bəşəriyyəti koronavirusdan xilas etmək iddiası gülüş doğurur”.

Qeyd edək ki, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunda koronovirusla mübarizəyə dair keçirilən maarifləndirici dəyirmi masada Akademiyanın vitse-prezidenti İradə Hüseynova bildirmişdi ki, ölkəmizdə bu virusun genomu, quruluşu, mənşəyi, eyni zamanda vaksinlərin hazırlanması sahəsində dərin biliklərə malik mütəxəssislər var.

Gülşən Şərif