!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cəmiyyət müəllimə dəyər verə bilir?

!Reklam – Yazi

Без названия (2)Vahid Aslan: “Dövlət səviyyəsində, cəmiyyətin özündə də müəllimə verilən qiymət məni də qane etmir”

Vaqif Abışov: “İndilikdə müəllimin əmək haqqının artırılması digər kateqoriyadan olan işçilərlə müqayisədə daha vacibdir”

Vurğun Əyyub: “Müəllimlərimiz özlərinin siyasi alətə çevrilməsinə müdrikcəsinə dözür, özlərinə qarşı olan hörmətsizliyi sükutla qarşılayırlar”

Əjdər Ağayev: “Dövlət səviyyəsində müəllimə kifayət qədər qayğı və diqqət var”

Bu gün Beynəlxalq müəllimlər günüdür. Azərbaycanda da ölkənin təhsil ocaqlarında çoxsaylı müəllim kollektivi çalışır. Cəmiyyətin yetişməsində müəllimin aparıcı rollardan birinə malik olduğu heç kimdə şübhə doğurmur. Bu isə onu deməyə əsas verir ki, cəmiyyətdə müəllimə daha ciddi qayğı göstərilməlidir.
Görəsən, Azərbaycan müəllimlərinə yetərincəmi dəyər və qiymət verilir?

Təhsil üzrə ekspert Vahid Aslan Yenicag.az-a açıqlamasında Azərbaycanda müəllimə verilən qiyməti qaneedici hesab etmədi: “Müəllim adı bünövrədən qiymətli olub, ona böyük dəyər verilib. Eyni zamanda, şərəfli bir ad olub. Zaman keçdikcə də bu söz öz dəyərini, hərfi mənasını saxlayıb. Amma indi cəmiyyət dəyişib. Yəni insanların bu sənətə münasibəti dəyişib. Cəmiyyət ziyalılıqdan nə qədər uzaqlaşırsa, müəllimə münasibət də bir o qədər mənfi aspektdə dəyişir. Cəmiyyətin müəllimi elə onu təşkil edən insanlara oxşayır, cəmiyyətdəki insanlar da müəlimlərə oxşayır. Yəni münasibət nöqteyi-nəzərdən burada bir adekvatlılıq var. Hazırda bu ada hörmətlə yanaşan insanlarımız olub və olacaq. Lakin müəllimin üzərinə düşən məsuliyyət ona verilən qiymətlə tərs mütənasibdir. Hazırda dövlət səviyyəsində, cəmiyyətin özündə müəllimə verilən qiymət məni də qane etmir”.

Tarix üzrə fəlsəfə doktoru Vaqif Abışov qeyd etdi ki, müəllimə digər kateqoriyadan olan işçilərlə müqayisədə daha yüksək əmək haqqı verilməlidir: “Azərbaycanda böyük müəllim ordusu var. Ölkəmizdə çoxsaylı ziyalı kadrları yetişdirilib. Bu gün də həmin proses davam edir. Ona görə ölkəmizdə də məktəb həmişə önəm daşıyıb. Uzun müddət təhsil sahəsində çalışan bir müəllim olaraq bu sistem mənə də yad deyil. Ölkəmizdə müəllimə verilən qiymətin qaneedici olub-olmadığına iki aspektdən yanaşmaq olar. Müəllim vətənpərvər olmalı, uşaqlara qayğı göstərməli, Vətənə sevgisi olmalı və bu sevgini də uşaqlara aşılamalıdır. Bunlar olmadan müəllimə yüksək əmək haqqı versən də ondan cəmiyyət üçün xeyir görürmək mümkün olmayacaq. İkinci bir tərəfdən, müəllimlərə elə bir əmək haqqı verilməlidir ki, onun cəmiyyətə xeyir verməsilə bu proses bir-birini tamamlasın. Hazırda məktəb müəllimlərinin əmək haqqı o qədər aşağıdır ki, o təhsilin inkişafından daha çox, dolanmaq üçün ikinci, üçüncü iş yerinin tapılması üzərində fikirləşməli olur. Yəni dövlət tərəfindən müəllimə qayğı olmalıdır. Məktəbi qızıldan tiksən də, onu idarə edən müəllimdir. O baxımdan indilikdə müəllimin əmək haqqının artırılması digər kateqoriyadan olan işçilərlə müqayisədə daha vacibdir”.
TQDK-nın sabiq rəhbəri Vurğun Əyyub qeyd etdi ki, Azərbaycanda müəllimlər özləri özlərinə qiymət verməyi bacarmır: “Müəllimə verilən qiymət anlayışı bir qədər nisbi anlayışdır. Çünki insanın arzusu tükənməzdir. Hər bir insan özünə daha çox qayğı və diqqət tələb edir. Amma ümumiyyətlə müəllimlərimizin vəziyyətinin maddi çəhətdən çətin olduğu heç kəsə sirr deyil. Guya müəllimlərə böyük diqqət və qayğının olması barədə deyilənlər sadəcə olaraq şişirdilmiş və təbliğata yönəlik fikirlərdir. İkinci bir tərəfdən, müəllimlər özləri-özlərinə qiymət verməyi bacarmalıdırlar. Lakin onlar özlərinin siyasi alətə çevrilməsinə müdrikcəsinə dözürlər. Özlərinə qarşı olan hörmətsizliyi sükutla qarşılayırlar. Təbii ki, hamını nəzərdə tutmuram. Amma o da var ki, istisnalar ümumi qanunauyğunluğu pozmur”.
Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev isə əksinə, dövlət səviyyəsində müəllimə ciddi diqqət göstərildiyi qənaətindədir: “Hər hansı bir məsələnin həllində xarici təcrübədən istifadə edir və müqayisələr aparırıq. Gürcüstan və digər yaxın ölkələrlə müqayisə aparsaq Azərbaycanda müəllimə göstərilən diqqət və qayğının daha yüksək olduğunu görərik. Əlbəttə müəllimlərin işinə yanaşma indi əvvəlki kimi deyil. Əvvəllər adicə sərəncamla müəllimin maaşı artırılırdı. İndi isə kapitalist münasibətlərində yaşayırıq. Bundan başqa, hər bir müəllimin əməyinin qazancı birinci növbədə özü tərəfindən həyata keçirilir. İmkan verilir ki, hər bir müəllim qazanc gətirən layihələrdə iştirak etsin, özünün biliyi, savadı, öyrətmə məharətindən istifadə edib onu gənclərə ötürsün. Digər tərəfdən tətbiq olunan diaqnostik imtahanlar yalnız hansısa pedoqoji bacarığı üzə çıxarmaqdan ibarət deyil, o imtahanın digər məqsədi buradan keçənlərin əmək haqlarının artırılmasıdır ki, artıq müəllimlərin xeyli hissəsi prosesdən uğurla keçib. Azərbaycanda müəllimlərə dövlət tərəfindən diqqət və qayğı daha çoxdur, nəinki müəyyən qrup müəllimlərin özlərinin özlərinə diqqəti. Müəllim savadsızdırsa, nəyisə bacarmırsa, bunu etiraf edib meydandan çəkilməlidir. Dövlət səviyyəsində müəllimlərə kifayət qədər qayğı və diqqət vardır. Onların sosial tələblərinin ödənilməsi zaman-zaman həllini tapır”.

ELÇİN
Konuşma Sonu

www.yenicag.az

881
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv