“Təəssüflər olsun ki, təkcə Azərbaycanda deyil, dünyanın bir çox ölkəsində bu gün dezinformasiya və “fake news”a rast gəlirik. Dezinformasiya və “fake news” son illər dünyada media sahəsində ən böyük problemə çevrilib. Məlumatların təhrif olunması, saxta məlumatların tirajlanması geniş yayılıb. Azərbaycanda da bu tendensiyanın şahidi oluruq. Amma Medianın İnkişafı Agentliyi tərəfindən həyata keçirilən “Media savadlılığı” layihəsi bütövlükdə təkcə mətbuatımız üçün deyil, cəmiyyətimiz üçün önəmli bir layihə olaraq qiymətləndirilməlidir”.
Yenicag.az xəbər verir ki, bu fikirləri Demokrat.az-a açıqlamasında Azərbaycan Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli deyib. O qeyd edib ki, bu layihənin həyata keçirilməsi cəmiyyətdə yayılan saxta məlumatlara, dezinformasiyalara qarşı bir immunitet rolunu oynaya bilər:
“Çünki hansısa bir məlumat yayımlananda və oxucu onu mütləq həqiqət kimi qəbul etdikdə bu, cəmiyyətə böyük zərbə vura bilər. Bu, yalan xəbərin geniş vüsət almasına gətirib çıxara bilər. “Media savadlılığı” Həftəsinin keçirilməsi, cəmiyyətdə bu yöndə maarifləndirmə işlərinin aparılması Azərbaycanda cəmiyyətin “fake news”la mübarizə aparmasına yardımçı olacaq, deyə düşünürəm. Cəmiyyət bəzi xəbər saytlarında, sosial şəbəkələrdə yayılan saxta xəbərlərə inanmamalı, özü üçün etibarlı mənbələr müəyyənləşdirməlidir. Belə olduqda biz növbəti mərhələlərdə cəmiyyətimizdə bu tip saxta məlumatların yayılmasının qarşısının alındığının şahidi olarıq”.
Qeyd edək ki, Azərbaycanda “Media Savadlılığı” Həftəsinə başlanılıb. Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə dekabrın 16-22-də keçiriləcək həftə çərçivəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsi, mediada və sosial şəbəkələrdə media kampaniyalarının icrası, podkastların yayımı, paytaxt Bakı şəhərində və regionlarda fərqli hədəf qruplarına yönələn təlimlərin, həmçinin vebinar və mediaturların təşkili, “ASAN Radio”da “Smart Media” layihəsinin icrası, media və kommunikasiya istiqamətini tədris edən akademik heyət üçün TOT proqramlarının keçirilməsi, ”medialiteracy.media.gov.az” platformasında onlayn kursun istifadəyə verilməsi və ənənəvi “Media Savadlılığı” Konfransının təşkili nəzərdə tutulur.