Cəmiyyətdə günü gələndə partlayan “bomba”: Ölkədə yeniyetmə intiharları – Sosioloq XƏBƏRDARLIQ edir

“Biz insanlığımızdan uzaqlaşdıqca, günlük sosiallaşma normalarımızı yerinə yetirmədikcə, içimizdə getdikcə yığılan və günü gələndə partlayan “bomba” böyüyür”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında son zamanlar insanlar, xüsusilə, yeniyetmə və gənclər arasında artan intihar hallarının səbəbləri və mümkün çıxış yolları haqqında danışan sosioloq Lalə Mehralı deyib.

Onun sözlərinə görə, insanlar öz canına qəsd edən şəxslərin intihar etməsinə qədər onların başına nə gəlib, hansı çətinlik və sıxıntılarının olması ilə çox az maraqlanırlar.

“İnsanlar günü-gündən yalnızlaşır. Sosial münasibətlər sıfıra enir. Sosiallaşma, dostluq, qohumluq əlaqələri demək olar ki, yoxdur. Olanlar isə virtual müstəviyə keçib. Bəzi şəxslər artıq öz valideynləri ilə üzbəüz sohbət etmək yerinə, sosial şəbəkədə görüntülü danışmağı üstün tutur. Əslində, hər şeyi rahatlıq adı altında bizə insanlıqda uzaqlaşma bahasına zorla qəbul etdirdilər. Biz insanlığımızdan uzaqlaşdıqca, günlük sosiallaşma normalarımızı yerinə yetirmədikcə, bizim içimizdə getdikcə yığılan və günü gələndə partlayan “bomba” böyüyür. Bax, o həmin “bomba” da şahidi olduğumuz intihar hallarıdır. Əslində, insanlar intihara qədər bir çox mərhələni keçir. Bu, sadəcə, səssiz olur və öz qohumlarından, dostundan uzaq olduğuna görə bir çox insan da bunun fərqində olmur”, – deyə o bildirib.

Sosioloq qeyd edib ki, yeniyetmələrin ən çox intihar halları məhz ali məktəbə qəbul prosesində müşahidə olunur:

“Yeniyetmə və gənclərin intihar halları isə daha çox gözlənilən olur. Çünki onlarda bu, potensial olaraq daha çox müşahidə edilir. Onlar ən çox dərslərin çoxluğu, problemlər, nəyəsə məcbur qalma, imtahanların stressindən şikayətlənirlər. Yeniyetmələrin ən çox intihar halları məhz ali məktəbə qəbul prosesində müşahidə olunur. Bu yaxında imtahandan kəsilən bir yeniyetmənin də intihar etməsinin şahidi olmuşduq. Bu da valideynlərin övladları üzərində olan universitet təzyiqindən irəli gəlir. Ötən gün müəllimlərin sertifikasiyasının nəticələri açıqlandı. Baxın necə biabırçı nəticələr ortaya çıxdı. İmtahandan keçə bilməyən müəllimlər bəlkə də zamanında təzyiq, təhrik, məcburiyyətlə universitetə göndərilən insanlardır ki, öz ixtisaslarını bilmirlər. Bəlkə onlar başqa sahədə onlar ən yaxşı peşə icraçısı ola bilərdilər. Ona görə məcburiyyətlə heç nəyə nail ola bilməyəcəyimizi anlamalıyıq. İntihara rəvac verməyin özü belə özümüzü yanlış düçüncədə tərbiyə etməyimizdən irəli gəlir. Elə hesab edirik ki, övladımız universisetə girməzsə, dünyanın sonu gələcək. İnsanlar, qohum-qonşu nə deyər deyə yaşamamalıdırlar”.

İsmayıl Bakuvi

COP29