Cəmiyyəti bürüyən GEDİŞ HAQQI TƏŞVİŞİ: “Tələbənin, təqaüdçünün ay ərzində bunu ödəməyə…”

“Elə işçilər, tələbələr var ki, gün ərzində bir neçə dəfə metro və avtobusdan istifadə edir”.

Bu fikirləri metroda gediş haqqının artırılması ilə bağlı intensivləşən müzakirə və gözləntiləri dəyərləndirən iqtisadçı Natiq Cəfərli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, dünyanın əksər yerlərində gediş haqqı zamana, məsafəyə və müəyyən əhali qruplarına görə müəyyənləşdirilir:

“Qeyd edək ki, “Bakı Metropoliteni” gediş haqqının artırırlması ilə bağlı əvvəllər Tarif Şurasına müraciət etsə də, indi bu məsələ Rəqəmsal İnkişaf və Rabitə Nazirliyinin səlahiyyətindədir. Gələn dövlət büdcəsindən metropolitenə 50 milyon manat dotasiya ayrılması nəzərdə tutulur. Gediş haqqı qiymətlərini müzakirə edərkən, bu fakt da önə çıxarılmalıdır.

Ümumiyyətlə, dünyanın əksər yerlərində gediş haqqı zamana, məsafəyə və müəyyən əhali qruplarına görə müəyyənləşdirilir, birdəfəlik gediş haqqı kimi hesablanmır. Bəzi ölkələrdə nəqliyyat vasitələrindən istifadə zamanla ölçülür. 1 günlük, 5 günlük biletlər almaq mümkün olur. Tələbələr və təqaüdçülər üçün yarımillik istifadə kartları mövcuddur.

Limitsiz gedişhaqqı nəqliyyat şirkətlərinin xeyrinədir. Çünki həmin nəqliyyat şirkətləri bir illik pulu əvvəlcədən aldıqda, o vəsait hesabına lazım olan xərclərini ödəyə bilirlər. Nə qədər uzunmüddətli kart alınsa, kartların qiyməti bir o qədər aşağı olmalıdır. Azərbaycanda belə məsələlər heç vaxt müzakirəyə çıxarılmır.

Elə işçilər, tələbələr var ki, gün ərzində bir neçə dəfə metro və avtobusdan istifadə edir. Bunların hamısının qiyməti 1 gedişhaqqı ilə hesablanıb artırılsa, məsələn 70, 80 qəpiyə, 1 manata qaldırılsa, nəqliyyat xərci bir günə 6, 7 manat olar. Tələbənin, təqaüdçünün ay ərzində bunu ödəməyə gücü çatacaqmı? Əsas diqqət bu məsələyə yönəlməlidir”.

Aysel Hüseynqızı

COP29