Cəmiyyətin özəyi olan ailə institutu: Hansı model daha təsirlidir? – Müasir TƏLƏBLƏR

Azərbaycan ailə modeli tarixən milli dəyərlərə, ənənələrə və mənəvi prinsiplərə əsaslanıb.

Cəmiyyətin özəyini təşkil edən ailə institutu, nəsillər arası əlaqələrin, sosial münasibətlərin və milli kimliyin qorunub saxlanmasında mühüm rol oynayır. Müasir dövrdə Azərbaycan ailə modeli, qloballaşmanın və modernləşmənin təsiri altında inkişaf edərək, yeni çağırışlar və fürsətlərlə üz-üzədir. Ekspertlərlə söhbətimizdə Azərbaycan ailə institutunun keçmişdən günümüzə qədər olan inkişafı, müasir ailələrin qarşılaşdığı problemlər və ailə modelinin gələcək perspektivlərini araşdırdıq. Eyni zamanda, ailə dəyərlərinin qorunub saxlanılması və yeni nəsillərə ötürülməsi məsələləri də diqqət mərkəzində oldu.

Yenicag.az-la söhbətində “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova deyib ki, ailə modelindən danışmamışdan qabaq Azərbaycandakı mövcud ailə modellərinə diqqət edilməlidir. Çünki ailə modelləri ölkədə olduqca rəngarəngdir:

“Tez-tez ənənəvi ailə modelindən söz açsaq da, ənənəvi ailə modelinin özü ondan ibarətdir ki, ər işləyir, qadın evdə oturur, uşaqların təhsili, tərbiyəsi ilə məşğul olur. Müasir dövrdə bu tendensiya, demək olar ki, mümkünsüzdür. Bəzi rayonlarda bu məsələ olsa da, sözügedən ailə modelinin sayı get-gedə azalır. O cümlədən, tez-tez patriarxal adilə modeli ifadəsi işlənilir ki, bu da öz mövcudluğunu artıq itirməkdədir. Çünki “Məişət zorakılığı haqqında” qanun var və bu qanunda ata ailə başçısı kimi təqdim edilmir. Burada daha çox bərabərhüquqluluqdan söhbət gedir. Ölkəmizdə patriarxal ailə modelində çox az qisim mövcuddur”.

Onun sözlərinə görə, əksər vaxt qadınların boşanıb və təkbaşına uşaqlarını böyütdüyü müşahidə edilir:

“Yaxud ata yoxdur, ana təkbaşına uşaq dünyaya gətirir ki, bu da matriarxal ailə modelinə gətirib çıxarır. Yəni qərarı ana qəbul edir, uşaq ananın himayəsində böyüyür və ata proseslərdə iştirak etmir. Bundan başqa, uşaqlara yönəlik detosentrik ailə modeli mövcuddur ki, burada ailə uşağa görə qurulur və uşağın maraqları və istəkləri daha üstədir. Yəni tərəflər daha çox uşağın istəyini prioritet götürür. Bu da artıq bəzi ailələrdə mövcuddur.

Bu gün ölkəmizdə dini ailə modeli də ortaya çıxıb və onun da öz qayda-qanunları, tələbləri var. Ailə modelindən danışarkən məsələni ümumiləşdirməliyik ki, hansı model daha təsirlidir? Burada vacib olan məsələ uşağın təlim-tərbiyəsi və inkişafıdır. Təəssüf ki, əlimizdə elə bir xəritə yoxdur ki, hansı rayonda hansı ailə modelinin daha üstün olduğunu görək. Bu məsələdə müasir tələblər, həyat tərzi və yeni yanaşmalar da mövcuddur. Hətta iqtisadi və sosial amillər ailələrin inkişafına təsir edir”.

M.Zeynalova vurğulayıb ki, hazırda əsas mövzu ailələrə sosial dəstək mövzusu və ailələrin bütövlüyüdür:

“Bu yaxında verilən statistikadan da görünür ki, qanundankənar doğulan uşaqların sayının artması və qeyri-rəsmi nikahların sayının çoxalması ailə modelimizə yeni gələn bir tendensiyadır. Doğrudur, sovet dövründən öncə bu var idi və həmin məsələ həmin dövrün ictimai-sosial tələblərinə uyğun idi. O vaxtı ailələr normada öz qaydalarını müəyyən edirdilər.

Yeri gəlmişkən, ailə modelləri cəmiyyətin özünün yaratdığı qanunlar çərçivəsində idarə olunur. Cəmiyyət bunu yaradırdı, idarə edirdi, nəzarət və dəstək mexanizmi mövcud idi. Bunlar bir-birilərinə nəzarət edib idarə edirdilər və ailələrdə bugünkü problemlər ortaya çıxmır, uşaqlar da nəzarətdən kənarda qalmırdı. İndi o böyük icmaların aradan qalxması hazırda problemlər yaradır. Əvvəlki ailələrdə qohumlar bir-birilərinə dəstək verirdilər”.

“Mən kişilər arasında sorğu keçirərkən onların fikirlərindən belə çıxdı ki, kişilər daha çox bərabər ailə modelinə üstünlük verirlər. Amma bu bərabərliyin özündə olan yanlışlıq isə ondan ibarət idi ki, onlar qadının hər hansı bir hərəkətini itaətdənqaçma kimi qiymətləndirirdilər. Yəni şüurlarda bərabərliyi normal qəbul etsələr də, qadının rolunu və obrazını itaətkar kimi görürlər. Sonda isə qərarları özləri qəbul edirlər. Qadınlar isə öz sözünü deyəndə bu, zorakılıqla nəticələnir.

“Zorakılıq haqqında” qanun da həmin ailə modelində olan boşluqlara görə hər hansı tədbirləri özündə planlaşdırır. Məsələn, qadının itaət etməyə məcbur edilməsi zorakılıq qismində qəbul olunur. Hazırkı dövrdə müasir ailə modelinə ehtiyac var ki, bu ailə modeli tamamilə hər bərabərhüquqlu, həm də zorakılıq hallarının aradan qaldırılmasını nəzərdə tutmalıdır”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Sosioloq Mail Yaqub isə hesab edir ki, Azərbaycanda ailə institutunun qorunması və möhkəmlənməsi labüd məsələdir:

“Çünki ailə institutu güclü olan yerdə uşaq doğumu çoxalır. Bizə əhalinin artması lazımdır. Azərbaycan əhalisi indiki durumda kifayət deyil. Əhalinin artmasını istəyiriksə, mütləq ailə institutunu möhkəmləndirməliyik.

Təəssüflər olsun ki, bu yöndə təbliğat-təşviqat işləri çox zəifdir. Hətta əksinə təbliğat mövcuddur. Yəni Azərbaycanda ən çox baxımlı verilişlər və şou proqramlarda ailə institutunun əleyhinə təbliğat aparılır. Boşanmış xanımlar, ailəsindən ayrılmış qadınlar fəxarətlə bunu qeyd edirlər. Sanki böyük bir qəhrəmanlıq etmiş kimi özlərini göstərirlər”.

Onun fikrincə, ailə institutunun möhkəmlənməsi barədə təşviqat işləri görüb, seriallar çəkilməlidir:

“Azərbaycanda isə seriallarda ailədaxili konfliktlər göstərilir. Sanki ailələrimiz büsbütün aqressiya, konflikt, dedi-qodu, bir-birini aşağılamaq kimi komplekslərdən əziyyət çəkirlər. Elə bil, Azərbaycan ailəsinin siması budur və seriallarımız bunu göstərirlər. Mən bilmirəm, bu ssenarini yazanlar hansı məqsədə xidmət edirlər? Bu seriallara baxan gənclər ailə qurarmı? Yox! Qorxacaqlar ailə qurmaqdan. Bəs niyə? Çünki onlar bu seriallardakı ailə modelində tamamilə aqressiya görürlər. Bunun üçün normal ailə modellərini təbliğ etməliyik. Psixoloqlar deyir ki, nəyi çox edəriksə, insanlar ona tərəf meyllənər”.

Məqalə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə “Gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması” istiqaməti üzrə hazırlanıb.

Rafi Müslümov

COP29