Cəmiyyətin tərbiyəsində QADINLARIN ROLU: “Böyük-kiçik yeri bilməyən, zombiləşmiş uşaqlar, vecsiz analar…”

“Bu gün biz gəncləri, yeniyetmələri necə görürüksə, bu, əvvəlki nəslin güzgüsüdür”.

Bu sözləri əksər psixoloqların cəmiyyətdə tərbiyənin olmamasında ən böyük problemi qadınlarda görmələri məsələsini şərh edərkən sosioloq Elçin Bayramlı Yenicag.az– açıqlamasında deyib.

O, cəmiyyətdə olan bir çox problemləri elə psixoloqların özlərinin yaratdığını bildirib:

“Söhbət həqiqətən də ağılsız, savadsız qadınlardan gedirsə, psixoloqların fikri ilə razılaşmaq olar. Lakin bunu ümumi şəkildə hamıya aid etmək olmaz. Cəmiyyətdə olan bir çox problemləri elə psixoloqların özləri yaradıb. Onlar Azərbaycanın milli-mənəvi dəyərlərinə zidd olanları təbliğ edir, Qərb psixologiyasını ölkədə tətbiq etməyə çalışırlar. Bunu qəbul etməyənləri də geridə qalmış, savadsız sayırlar.

Son vaxtlar əksər valideynlər, xüsusən də analar uşaqların tərbiyəsini kənara atıb, özlərinin əyləncəsinə, seriallarına vaxtlarını ayırırlar. Bunun da nəticəsini biz uşaqların tərbiyəsində, psixologiyasında görürük. Bunlarla yanaşı uşaqların fiziki sağlamlığı da önəmli məsələdir. Yəni bir çox analar var ki, onlar yemək bişirməyə ərinirlər və övladlarına marketlərdən aldıqları hazır qidaları verirlər. Xəstə orqanizmdə sağlam nədənsə söhbət gedə bilməz.

Uşaqlarına vaxtında tərbiyə verə bilməyən, onların qidalarına, təhsilinə diqqətsiz yanaşan valideynlərə görə sonradan ortalıq zombiləşmiş uşaqlarla dolur. Yəni bizim milli-mənəvi dəyərlərə uyğun olmayan, böyük-kiçik yeri bilməyən, savadsız ,aqressiv uşaqlar cəmiyyəti zəbt edir. Ona görə də valideynlər övladlarına ciddi şəkildə nəzarət etməli, onların internetdə izlədiklərindən xəbərdar olmalıdırlar.

İstənilən halda uşaqların normal terbiyələnməməsində günahkar onların valideynləridir. Uşaqların fiziki və mənəvi sağlamlıqları ən azı 80% ölçüdə analardan asılıdır. Ortalıqda biz nə görürüksə, uşaqların yox, valideynlərin əksidir. Yəni bir nəsil özündən əvvəlkinin əsəridir. Bu gün biz gəncləri, yeniyetmələri necə görürüksə, bu əvvəlki nəslin siması, güzgüsüdür”.

Sadiq Cavadov