Çempionun bəlli olacağı SON MƏRHƏLƏ: Hansı komandanın şansı daha yüksəkdir?

“Qalatasaray” rəqibi qiymətləndirməməyin, yuxarıdan-aşağı baxmağın nələrə gətirib çıxardığını bir daha hiss etdilər və şahidi oldular”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında “Qalatasaray”la “Fənərbaxça arasında keçirilən derbi matçı və son turda çempionluğa hansı komandanın daha yaxın olması haqda danışan idman jurnalisti Kənan Məstəliyev deyib.

Onun sözlərinə görə, “Qalatasaray”la “Fənərbaxça arasında keçirilən derbidə “Qalatasaray” çox pis oynadı, hətta deyərdim ki, heç oynamadı.

“Son zamanlar bu komandanın “ifası”nda belə aciz oyuna nə vaxt şahidlik etdiyimi xatırlamıram. Okan Buruk imtahandan uğursuz ayrıldı, İsmayıl Kartal isə “əla” qiymətini aldı”, – deyə o bildirib.

K.Məstəliyevin sözlərinə görə, “Fənərbaxça” rəqibini çox yaxşı öyrənmişdi:

“Düşünürəm ki, imkanlarından da doğru yararlandı. Hətta 10 nəfərlə qalmağına rəğmən mübarizlik nümayiş etdirdi və haqq etdiyi 3 xalı da qazandı. Lakin məsələ hələ bitməyib. Düşünürəm ki, dünən baş verənlər “Qalatasaray” üçün yaxşı bir dərs oldu. “Qalatasaray” rəqibi qiymətləndirməməyin, yuxarıdan-aşağı baxmağın nələrə gətirib çıxardığını bir daha hiss etdilər və şahidi oldular. Okan Buruk gənc olsa da, təcrübəlidir. Belə durumlardan çıxmağı bacaracaq potensiala malikdi. Fikrimcə, “Fənərbaxça” isə belə möhkəmliyi mövsüm boyu göstərməliydi. İndi çox gec ola bilər. “İstanbulspor”a rahat qalib gələcəklər, amma “Qalatasaray” da “Konyaspor”u yenəcək gücdədir. Düşünürəm ki, qalib də gələcək. Üstəlik, “sarı-qırmızılılar”a bir xal da bəs edir, ona görə daha rahat tərəf məhz onlardı. Çempionluğa ən yaxın tərəfin hələ də “Qalatasaray” olduğunu hesab edirəm”.

İsmayıl Bakuvi

COP29