!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Cənub Qaz Dəhlizi Azərbaycana tranzit ölkə olaraq dividendlər qazandıracaq” - Nazir

!Reklam – Yazi

Energetika naziri Pərviz Şahbazov ABŞ-ın Vaşinqton şəhərində keçirilən 27-ci Ümumdünya Qaz Konfransında çıxış edib.

Energetika Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, nazir çıxışında aşağı karbonlu enerji növü kimi təbii qaza tələbatın artması və onun strateji-iqtisadi əhəmiyyətinin güclənməsi ilə əlaqədar olaraq qaz istehsal və ixrac edən ölkələrlə, istehlakçı, tranzit ölkələr arasında münasibətlərdə enerji təhlükəsizliyinin mühüm əhəmiyyət daşıdığını qeyd edib. Enerji təhlükəsizliyinin mənbə və marşrutlarla yanaşı, qaz nəqli üsullarının da şaxələnməsini əhatə etdiyini vurğulayan nazir deyib ki, Azərbaycanın həyata keçirdiyi Cənub Qaz Dəhlizi enerji təhlükəsizliyi və diversifikasiyasının bütün elementlərini özündə birləşdirən layihədir.

Pərviz Şahbazov Cənub Qaz Dəhlizinin Azərbaycan üçün əhəmiyyətini bu layihənin ilk növbədə zəngin qaz ehtiyatlarının mövcud bazarlardan əlavə Avropa bazarına çıxışını təmin etməsi ilə əlaqələndirib: “XXI əsrdə qaz istehsalçısı və ixracatçısına çevrilməyi enerji siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirən ölkə kimi Azərbaycan 3500 km-lik boru kəmərləri sistemini və Şahdəniz yatağının ikinci mərhələdə işlənməsi üçün geniş infrastruktur şəbəkəsini yaratmalı oldu. Cənub Qaz Dəhlizi ölkəmizə təkcə tədarükçü kimi deyil, həm də gələcəkdə tranzit ölkə olaraq da dividendlər qazandıracaq bir layihədir”.

Çıxışda həmçinin qeyd olunub ki, Cənub Qaz Dəhlizi və onun komponentləri şaxələndirilmiş ümumavropa enerji bazarının yaradılması kimi uzunmüddətli strateji məqsədə cavab verən ilk real layihədir. Cənub Qaz dəhlizi və onun bir hissəsi olan TAP layihəsi Avropanın, Balkanların enerji təchizatına, eləcə də qitənin dekarbonizasiyasına töhfə verəcəkdir. TAP həmçinin gələcəkdə dəhlizin ötürücülük gücünün iki dəfəyədək artırılması hesabına Mərkəzi və Qərbi Avropaya qədər genişləndirilmiş və şaxələndirilmiş enerji təhlükəsizliyi sisteminin formalaşmasında əhəmiyyətli rola malik olacaq.

Cənub Qaz Dəhlizini əməkdaşlıq, tərəfdaşlıq, davamlı inkişaf layihəsi kimi dəyərləndirən energetika naziri layihənin icrası prosesinə dəstəyinə görə tərəfdaş ölkələrə, o cümlədən Amerika Birləşmiş Ştatları hökumətinə təşəkkürünü çatdırıb.

Tədbirdə ABŞ-ın Qərbi Virciniya ştatından olan senator Şelli Mur Kapito regionda Azərbaycanın iştirakı ilə həyata keçirilən infrastruktur layihələrini ölkəmizin strateji əhəmiyyətini artıran, qlobal enerji bazarındakı və dünya iqtisadiyyatındakı mövqelərini möhkəmləndirən, Avropanın enerji təhlükəsizliyindəki rolunu gücləndirən mühüm tədbirlər kimi qiymətləndirib. Xanım senator qlobal enerji təhlükəsizliyi sistemində Azərbaycanın ildən-ilə möhkəmlənən mövqeyinə şahid olduğunu bildirib və ABŞ-ın siyasi dəstəyini ifadə edib.

İsrailin milli infrastruktur, energetika və su təchizatı naziri Yuval Ştaynits də çıxışında “Cənub Qaz Dəhlizi”nin perspektivlərinə toxunaraq bildirib ki, bu layihə İsrailin planlaşdırdığı Şərqi-Aralıq dənizi qaz kəməri layihəsi ilə birgə gələcəkdə Avropanın enerji arxitekturasının transformasiyasına xidmət edəcək.

Xatırladaq ki, üç ildən bir keçirilən Ümumdünya Qaz Konfransı təbii qaz sənayesinin siyasi, texniki və iqtisadi məsələlərinin müzakirə edilməsi üçün mühüm və nüfuzlu bir platformadır.

www.yenicag.az

1301
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv