Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 5-də Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin millət vəkili və NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlunu qəbul edərkən deyib.
Bu gün ABŞ, Avropa İttifaqı və Ermənistan arasında Brüsseldə keçiriləcək üçtərəfli görüşə toxunan dövlətimizin başçısı bildirdi ki, bununla Cənubi Qafqaz üçün növbəti təhlükə mənbəyi yaradılır. Halbuki, son günlər həm ABŞ-ın, həm də Avropa İttifaqının yüksək vəzifəli şəxsləri onların təşəbbüsü ilə baş tutan telefon danışıqları əsnasında bizi inandırmağa çalışmışlar ki, bu görüş Azərbaycanın əleyhinə deyil. Prezident İlham Əliyev qeyd etdi ki, lakin biz bunun Azərbaycanın və Cənubi Qafqazda iş birliyinin əleyhinə olduğunu bilirik. Bu, ayırıcı xətlərin yaradılması və ölkəmizi təcrid etmək məqsədi güdür.
Dövlətimizin başçısı bir daha qeyd etdi ki, keçən ilin sentyabrından indiyədək Avropa Parlamentinin, Avropa Şurasının Azərbaycan əleyhinə bəyanatlar verməsi, Ermənistanı Cənubi Qafqazda bir silahlı forpost kimi yaratmaq cəhdləri gələcəkdə çox böyük fəsadlar törədəcək. Buna görə, biz bununla bağlı ABŞ və Avropadakı tərəfdaşlarımıza xəbərdarlıq etmək üçün açıqlamalar verdik.
Geosiyasi vəziyyətin dəyişdiyini deyən Prezident İlham Əliyev belə bir şəraitdə Azərbaycan-Türkiyə birliyinin hər zaman olduğu kimi, bu gün də güclü olmasının vacibliyini qeyd etdi və bu birliyi pozmaq istəyənlərin arzularının puç olacağına əminliyini bildirdi.