Cənubi Qafqazda “DUMANLI SABİTLİK”: “Sülh müqaviləsinin imzalanması heç də…”

“Gürcüstanın Avropa İttifaqına doğru addımlaması da Cənubi Qafqazdakı gərginliyin mühüm elementinə çevrilməkdədir”.

Bu fikirləri bır sıra dövlətlərin Cənubi Qafqazda gərginliyin artırılmasına yönəlik davamlı cəhdlərini şərh edən sabiq dövlət müşaviri Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.Onun sözlərinə görə, həmin ölkələrin sırasında öndə gələn Fransa xüsusi canfəşanlığı ilə seçilir:

“Cənubi Qafqazı müəyyən qədər həyəcanlandırmaq istəyirlər və bu məsələdə əsas rolu Fransa oynayır. Eyni zamanda, regionda sabitliyin tərəfdarı kimi görünməyə çalışan Rusiya da əl altdan bəzi addımlar atmaqdadır.

Burada da əsas məqsəd Cənubi Qafqazda gərginliyin səngiməsinə imkan verməməkdir. Ona görə də, bölgədə tam sabitliyin bərqərar olunmasının əsas yolu sülh müqaviləsinin bağlanmasıdır. Sülh müqaviləsi bağlanarsa, bölgədə sabitlik təmin edilə bilər.

Yəni sülh müqaviləsinin imzalanması bütün problemləri bir anda ortadan qaldırmasa da, heç olmasa nəfəs dərmək mümkün olar. Ancaq təəssüf ki, yaranmış şəraitdə sülh müqaviləsinin imzalanması hələ ki real görünmür.

O baxımdan, regionda gərginliyin azalmaması ehtimalı qalır. Məsələ həm də tək Azərbaycan və Ermənistanla məhdudlaşmır. Gürcüstanın Avropa İttifaqına doğru addımlaması da Cənubi Qafqazdakı gərginliyin mühüm elementinə çevrilməkdədir”.

Səxavət Məmməd

COP29