Cənubi Qafqazda formalaşan yeni REALLIQLAR: “Azərbaycan bir daha nəyə qadir olduğunu sübut etdi”

“Baş verən proseslər Rusiya sülhməramlı kontingentinin gözü qarşısında həyata keçib”.

Bunu Yenicag.az-a açıqlamasında ABŞ-Rusiya rəqabətinin Cənubi Qafqaz təzahüründən danışan politoloq Gündüz Abbasov deyib.

Onun sözlərinə görə, daim ABŞ Rusiyanı etibarsız tərəfdaş adlandırıb.

“Azərbaycan hər zaman balanslı şəkildə beynəlxalq siyasi arenada öz yerini tutub. Yəni Rusiyanın etibarsız tərəfdaş qəbul edilməsi Azərbaycan tərəfindən birmənalı qarşılanmayıb. Çünki Azərbaycan regionda söz sahibi olmaqla yanaşı, beynəlxalq güclərin maraq dairəsində olan dövlətdir.

Xüsusilə Vətən müharibəsindən sonra Cənubi Qafqazda yeni reallıqlar formalaşdı. Ərazi bütövlüyünün təmin edilməsi bir daha Azərbaycanın nəyə qadir olduğunu sübut etdi. Daha sonra isə anti-terror əməliyyatlarının keçirilməsi və separatizmin süquta uğradılması müəyyən qüvvələrdə narazılığa səbəb oldu. Azərbaycan düzgün siyasi gedişlərlə hər bir maneəni dəf etməyi bacardı.

Baş verən proseslər təbii olaraq rus sülhməramlı kontingentinin gözü qarşısında həyata keçib. Bir çoxları rus kontingenti Qarabağa gələndə etiraz etməyə başladı. “Onları bir daha çıxarmaq mümkünsüzdür, rus girdiyi ərazidən getmir” kimi ifadələr işlətməyə başladılar. Ancaq vaxtından öncə Qarabağı tərk etdilər. Bu isə birmənalı olaraq Rusiyanın yeni reallıqları qəbul etməsindən xəbər verir”, – deyə politoloq bildirib.

Nəsimi Ələsgərli

COP29