Cənubi Qafqazda Rusiya-Qərb toqquşması artıq açıq müstəviyə keçib. Gürcüstanda və Ermənistanda baş verən proseslərin səbəbləri fərqli olsa da, mahiyyətcə eynidir.
Gürcüstan parlamentinə təqdim olunan “Xarici təsirin şəffaflığı haqqında” qanun ölkədə siyasi böhran yaradıb. Maraqlıdır ki, Qərb demokratik seçki ilə formalaşan parlamentin bu qanun layihəsini qəbul etməsini həzm edə bilmir. Digər maraqlı cəhət isə qanuna “rus qanunu” adı ilə etiraz edilməsidir. Məsələ ondadır ki, eynilə bu məzmunda qanun 1938-ci ildə ABŞ-da qəbul olunub. Ardınca isə bir çox ölkələrdə belə qanunlar qəbul olunub. Sual olunur ki, qanun anti-demokratikdirsə, Qərb ölkələri niyə görə belə qanun qəbul edir? Yeri gəlmişkən, Fransa da eyni məzmunlu qanun layihəsini qəbul etməyə hazırlaşır. Gürcüstan parlamenti qanun layihəsinin qəbulu ilə Qərbin dayaqlarını laxlatdı. Qanuna etiraz edənlər əhalidən daha çox QHT-lər və KİV-lərdir. Sual qoyulsa ki, etirazçılar anti-demokratik qanuna, yoxsa qazancın kəsilməsinə etiraz edirlər, heç şübhəsiz ki, ikinci cavab üstünlük təşkil edəcək.
Gürcüstanda bu qanunun qəbul edilməsində Azərbaycan da maraqlı ola bilər. Niyə? Çünki zamanında Azərbaycanda QHT-lərin xaricdən maliyyələşməsinin qarşısını alan qanunun qəbulundan sonra xarici, beynəlxalq təşkilatlarla işləyən şəxslər, təşkilat və KİV-lər bütün fəaliyyətini Gürcüstan üzərindən həyata keçirir. Nəinki maliyyə, şirkətlərin açılması da Gürcüstanda “iki vur iki” idi. Dolayısı ilə Gürcüstan Qərbin regiondakı ofşor dövləti kimi fəaliyyət göstərirdi. Bu qanun layihəsi qəbul olunduqdan sonra Azərbaycandakı bir çox QHT və KİV-lər ağır zərbə alacaq.
Proseslər onu göstərir ki, Rusiya bu da bu qanunun qəbulunda maraqlıdır. Çünki Rusiya bilir ki, Gürcüstanda hökuməti nəzarətində saxlasa belə, Qərdən gələn maliyyə ona daim problem yaradacaq. Ola bilsin ki, Rusiya Gürcüstana müxtəlif təkliflər verib. Bunlardan ən əsası isə Abxaziya və Cənubi Osetiya ilə bağlıdır. Rusiya siyasətində xeyli dəyişikliklərə gedib. Misal üçün əvvəllər ölkələri münaqişə ocaqları ilə təsir dairəsində saxlayırdısa, indi münaqişə ocaqlarını bitirməklə, yanına çəkməyə çalışır. Azərbaycan təcrübəsi göstərdi ki, Rusiya ilə dil tapmaq mümkündür. Ümumiyyətlə, Azərbaycan təcrübəsi bir çox ölkələri ayıldıb. Hətta Ukraynada belə Azərbaycan təcrübəsi misal kimi çəkilir.
Cənubi Qafqazda üç ölkə olsa belə, bura vahid məkan kimi baxılır. Cənubi Qafqaz üç güc mərkəzinin ortasında yerləşir. Dolayısı ilə regiona əsas təsir də məhz bu üçlükdən – Rusiya, İran və Türkiyədən gələ bilər. Qərbin regiona daxil olmaq istəyi əslində rəqib olan bu üçlüyü birgə fəaliyyətə məcbur edir. Təbii ki, öz maraqları da yerində qalmaq şərti ilə.
Ermənistanda baş verənlər hansı istiqamətə gedəcəyi Gürcüstandakı nəticədən çox asılı olacaq. Gürcüstanda qanun layihəsi qəbul olunsa və Qərb dayaqlarını itirsə, Ermənistan daha asanlıqla Qərbin orbitindən çıxacaq.
Regionda baş verən proseslərə baxanda dəqiq görünən bir şey də var – liderlər arasındakı şəxsi münasibətlər çox şeyi, hətta mümkünsüz məsələləri həll edə bilir. Rusiya, İran və Türkiyənin oxşar bir cəhəti də var – uzaq olmayan gələcəklə bağlı qeyri-müəyyənlik. Hər üç ölkənin lideri yaşlanıb. Dolayısı ilə regionda proseslər həm də post-Xamneyi, post-Putin, post-Ərdoğan dövründən asılı olacaq.
Bəzən bizim üçün bitmiş kimi görünən məsələlər hər an yenidən gündəmə gətirilə bilər. Ona görə də, nəinki bu günü, gələcəkdəki siyasi xətti də müəyyənləşdirmək lazımdır. Azərbaycan kimi ölkələrin işlərindən biri də potensial liderləri müəyyən etmək və onunla hansısa formada dil tapmaqdır.
Gürcüstanda meydana Qərbin tərəfdarları çıxıbsa, Ermənistanda tam tərsinə Rusiyanın tərəfdarları meydanlardadır. Rusiya Ermənistanı olacaqlarla bağlı öncədən xəbərdar edirdi. Təhdid, hədə dili ilə xəbərdarlıqlar ən müxtəlif formada edilmişdi.
Hesab edirəm ki, Ermənistan və Gürcüstandakı hadisələr paralel gedir. Nəticələri də böyük ehtimalla bənzər olacaq.
Səxavət Məmməd