Cənubi Qafqazda yetişən Fransa-Rusiya QARŞIDURMASI: “Ermənistanın bu ağırlığın altından necə qalxacağı…”
“Azərbaycana problem yaratmasa da, Fransanın regionla bağlı uzunmüddətli niyyətini diqqətdə saxlamalıyıq”.
Bu fikirləri Ermənistan-Fransa hərbi-siyasi əməkdaşlığını və Fransa ilə Rusiya arasında Cənubi Qafqazda yarana biləcək münaqişə ehtimalını dəyərləndirən ehtiyatda olan polkovnik-leytenant Elxan Şıxəliyev Yenicag.az-a açıqlamasında deyib.
Hərbi ekspertin sözlərinə görə, Fransanın uzunmüddətli niyyətinin əsas detallarından biri Ermənistanı cəsarətləndirərək Rusiyanın bölgədən çıxarılmasını təmin etmək və onun yerini tutmaqdır:
“Ermənistanın məcburiyyətdən ehtiyacları yaranıb. 44 günlük müharibədən sonra Ermənistan silahlı qüvvələri elə vəziyyətə salındı ki, şəxsi heyəti 80 faiz komplektləşdirə bilsələr də, ştat strukturuna uyğun bölmələrdə olan silahlanma yoxdur.
Başqa sözlə, Ermənistanın müdafiə naziri korpus komandirindən şəxsi heyətin döyüş hazırlığının aşağı olmasının səbəbini soruşanda, o cavab verir ki, sərəncamında zəruri sayda silah və hərbi texnika yoxdur. O texnikalar haradadır? Bizim silahlanmada, Bakıdakı Hərbi Qənimətlər Parkında.
Yəni Ermənistan uğradığı məğlubiyyətlər və məruz qaldığı hərbi itkilər səbəbindən, hansı ölkədən olur-olsun, yeni silahlar almaq məcburiyyətindir. Fransa isə özünün fürsətcil mahiyyətindən çıxış edərək Avropa İttifaqının Ermənistana ayırdığı 100 milyon avrodan çox vəsaiti silah satışı ilə ələ keçirməyə çalışır.
Hazırda Ermənistanın ehtiyacları fonunda əlində müəyyən vəsaitlər də var. O pullar isə sabah olmaya bilər. Silahın alınması isə zəruri ehtiyacların müəyyən edilməsindən keçir və bu işlə Ermənistan Müdafiə Nazirliyinin tərkibindəki komissiya məşğul olur.
İndiki şəraitdə Ermənistan ilk növbədə hava hücumundan müdafiə sistemlərinin alınması üzərində düşünür. Azərbaycan 44 günlük müharibədə Ermənistanın hava hücumundan müdafiə sistemlərini AN-2 təyyarələri ilə, yəni, yalançı hədəflərlə sıradan çıxardı. Bundan başqa, Ermənistanın digər ehtiyacı artileriya və tank əleyhinə vasitələrdir. Daha sonra isə müvafiq hərbi texnikaların alınması planlaşdırıla bilər.
Ümumiyyətlə, Ermənistan indiki maddi imkanları və Fransanın silah ixrac potensialı ilə minimum 5 ilə 2020-ci ilin 27 sentiyabrındakı vəziyyətə gəlib çıxması mümkündür. Ancaq Azərbaycan da arxayınlaşmayıb və bu məsələdə yerində saymır. Təlimlərin miqyası genişlənib və intensivliyi artıb. İndiki halda Ermənistanın silahlanması Azərbaycana problem yaratmasa da, Fransanın regionla bağlı uzunmüddətli niyyətini diqqətdə saxlamalıyıq.
Bildiyiniz kimi, Avropa İttifaqının 200 nəfərlik mülki missiyası sahədədir. Fransadan olan yüksək rütbəli bir zabit Ermənistan Müdafiə Nazirliyində müşavir təyin ediləcək. O da yuxarıda bəhs etdiyimiz məsələləri həll etməyə çalışacaq. Yəni bir təyinatla başlayan prosesə gedişatda 300 nəfər də əlavə oluna bilər.
Onları hərbi təlimatçı kimi müxtəlif vəzifələrə yerləşdirəcəklər, həmin kadrların sayı 100 nəfərə çatdıqda isə hərbi bazanın yaradılması məsələsi gündəmə gətiriləcək. Fransanın uzunmüddətli niyyətinin əsas detallarından biri Ermənistanı cəsarətləndirərək Rusiyanın bölgədən çıxarılmasını təmin etmək və onun yerini tutmaqdır.
Ancaq mühüm məqamı nəzərə almayıblar. Rusiya bu coğrafiyanı Fransaya, Ermənistana peşkəş edərmi? Artıq Fransa ilə Rusiya arasında Ermənistan üzərindən ciddi qarşıdurması yetişir. Sərt siyasi polemikalar, “informasiya müharibəsi” gedir, biz bunun münaqişəyə çevrilməsinin də şahidi ola bilərik. Ermənistanın bu ağırlığın altından qalxıb-qalxmayacağını zamanla görəcəyik”.
Səxavət Məmməd