“Cənubi Qafqazdakı yeni reallığın ən mühüm cəhəti Azərbaycanın çoxillik işğala son qoymasıdır” – ŞƏRH

“Prezident qeyd etdi ki, artıq Dağlıq Qarabağ məfhumu mövcud deyil, o bölgələr Azərbaycanın inzibati-ərazi vahidləridir”.

Bu fikirləri prezident İlham Əliyevin BMT Baş Assambleyasının 76-cı sessiyasındakı çıxışında Azərbaycanın Cənubi Qafqazda yeni reallıqlar yaratmasına dair fikirlərini şərh edən politoloq Qabil Hüseynli Yenicag.az-a açıqlamasında deyib.

Politoloqun sözlərinə görə, prezidentin çıxışında səsləndirdiyi fikirlərin beynəlxalq səviyyədə müsbət təsiri olacaq:

“Prezident öz çıxışında BMT üzvü olan ölkələrə müraciət edərək 44 günlük müharibədən sonra regionda formalaşmış yeni reallıqları onların diqqətinə çatdırdı. Bu reallığın özəyini təşkil edən əsas məqam isə Azərbaycanın çoxillik işğala son qoyaraq Qarabağ və Şərqi Zəngəzurda öz suverenliyini bərpa etməsidir.

Dövlət başçısı qeyd etdi ki, artıq Dağlıq Qarabağ məfhumu mövcud deyil, o bölgələr Azərbaycanın inzibati-ərazi vahidləridir. Eyni zamanda, prezident dünya dövlətlərinə belə bir xahişlə müraciət etdi ki, BMT üzvü olan ölkələr bundan sonra haqqında danışılan yeni reallığı öz fəaliyyətlərində nəzərə alsınlar.

Burada, əlbəttə ki, söhbət bölgənin ərazi məfhumunun dəyişdirilməsi və ermənilərin apardığı çoxillik təbliğat nəticəsində qondarma rejimin bir sıra ölkələrdə dövriyyəyə salınması hallarından gedir. Prezident isə bildirdi ki, bölgədə artıq tamamilə yeni düzən yaranıb və onun da əsas göstəricisi Azərbaycanın öz ərazi bütövlüyünü təmin etməsi, “Dağlıq Qarabağ” kimi qondarma məfhumun aradan qaldırılmasıdır. Hesab edirəm ki, bu çağırışın çox müsbət təsiri olacaq”.

A.Zeynalov