!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Cərimədə dünya markası olan Azərbaycan: Əhalinin yarısından "çıxacaq" 30 manat - Çingiz Özgür yazır

!Reklam – Yazi

Keçdiyimiz günlərdə sosial şəbəkədə ölkənin az qala yarısına birbaşa dəxli olacaq, hətta narahat edəcək bir hadisə haqda status yazıldı. Di gəl biz xalq olaraq “gözü ilə görən” xalq olduğumuzdan, yəni hadisə konkret öz başımıza gəlməyənə qədər problemi tam anlamamağımızdan, məsələyə çox soyuq yanaşıldı. Hətta hadisələrin sürətlə dəyişməsi fonunda bu ölkə miqyaslı məsələ çox sönük qaldı.

“Yaxşı, uzatma de görək nə baş vermişdi?” – deyə soruşursunuzsa, konkret deyim. Dostumuz, əziz insan, hörmətli şairə Jalə İsmayıl status yazmışdı. Statusun ilk cümləsi belə idi: “Gəldilər, evin içində 30 manat cərimə yazıb getdilər…” Sonrakı cümlələrdə müəllif məsələni zarafata salaraq ödəyəcəyi cəriməni, yəni dəymiş zərəri bu yolla kompensasiya etməyə çalışırdı, yəni bir növ düşünürdü ki, bir şey ki, pulum çıxıb, barı məsələni konsertləşdirib zövq alım. Üstdə Allah var, pis alınmamışdı da. Bizim şakərimizdir, ən böyük, qlobal problem sosial şəbəkədə elə lağlağıya qoyarıq ki, problem öz ciddiyyətindən utanar. Qiymət artımından, uçan boşqaba, devalvasiyadan, pandemiyaya qədər bütün məsələləri “deyə-gülə həll etməyi” bacaran adamlarıq. Əslində, ən yaxşı bacardığımız məhz bu deyib-gülməkdi. Biz eləcə deyib-gülürük, olan olur. Nə isə ki bu dəfə də dostlar, tanışlar yığışıb statusun altında hərə bir ağız gülüşüb dağılışdıq. Hətta mən az qala təklif edəcəkdim ki, əziz dostumuz Jaləyə “Şərqdə öz evində cərimələnən ilk qadın” plaketini verək. Yaxşı da bir təqdimat törəni edək. Bütün sahələrdən qonaqlar dəvət edək. Plaketi də elə cəriməni yazan polisin tabe olduğu polis rəisi təqdim etsin. Yəni beynimdə ssenari hazır idi. Amma məsələnin miqyasını bir azca bildiyimdən heç güləcəyim yox idi. Statusa “inanılmaz” ifadəsini atıb durdum kənarda…

Buraya qədər əgər sizə bir şey aydın olmadısa, məsələni tam açıq izah edim. Bir neçə vaxt əvvəl xeyli müzakirə olunan (oxu: deyib-gülünən), amma, əslində, illər əvvəl qanuna salınan bir “inzibati xəta”dan gedir söhbət. “Qeydiyyatda olduğu yaşayış yerindən 60 gündən çox kənarda yaşamaq və bu haqda polisə məlumat verməmək” bizim qanunlarla neçə illərdir ki xətadır. Özü də inzibatisindən. Cəriməsi də elə məhz Jalə xanıma yazılan məbləğdir – 30 manat. “Bəs indiyə qədər bu maddə ilə niyə heç kəs cərimələnmirdi?” sualının cavabı mənə də məlum deyil. Fakt budur ki,  indi, yəni 2023-cü il başlayandan sonra bu cərimələr yazılmağa başlayıb. İstər sosial, istər ənənəvi mediada, saytlarda bu cərimələnmələrlə bağlı kifayət qədər fakta rast gələ bilərsiniz. Cərimənin səbəbini elə dostumuz da beləcə izah etmişdi: “Kupça”sız (çıxarışsız) evimdə qeydiyyata düşməmişəm. Deyir, İXM-ni (İnzibati Xətalar Məcəlləsi) pozmusan”.  Vəssalam. Demək ki, başlandı. Problemin miqyasının böyük olduğunu hər kəs bilir. Sadəcə Bakı şəhərindəki rəsmi qeydiyyat sayı ilə, faktiki yaşayış sayını müqayisə etmək belə bəs edir ki, ən azı 2-3 milyon adamın “xəta etdiyini” anlayasan.

Hələ 2019-cu ilin sonunda, bizim şanlı parlament özünü buraxaraq islahata gedib yarı yoldan qayıdanda, yəni seçki ərəfəsində kiçik bir riyazi hesablama aparmışdım. Statistika Komitəsinin hesabatlarından götürdüyüm ölkə əhalisinin sayından 18 yaşa qədər olan insanların sayını çıxmışdım. Yerdə qalan rəqəm ölkədəki seçicilərin sayı olmalı idi. Bizdə 18 yaşdan yuxarı hər kəsin səsvermə hüququ var axı. İndi olar ki, əqli problem-filan olanlara verilməz səsvermə hüququ, onlar da o qədər də çox deyil ki, rəqəmə ciddi təsir etsin. Şükür, sənəd- sünədlə bizim ölkədə hamı ağıllıdır. Demək ki, əqli problemin yoxdursa, 18 yaşın da bitibsə, bu gözəl ölkə sənə dərhal səsvermə hüququ verir. Get seçkiyə, demokratik seçkidə iştirak elə, öz seçdiyin, sevdiyin namizədə səs ver. İstəyini, mövqeyini bildir. Kef elə! Ura!!

Nə isə, əlahəzrət mətləbdən xeyli aralı düşdük, dönək mövzumuza. Deməli, mən ölkə əhalisinin sayından, 18 yaşa qədər olanların sayını çıxdım. Sonra da tənbəllik etmədim, bu rəqəmi MSK-nın elan etdiyi seçici sayı ilə müqayisə etdim. Sizi çox intizarda saxlamadan deyim: orta hesabla milyon yarım adam, yəni bir milyon beş yüz min seçici fərq verirdi. Bu qədər seçici “itmişdi”.  (Sonralar seçkinin gedişində mən bu seçiciləri “tapdım”. Böyük əksəriyyəti şəhərin ucqarlarında, şəhərə bitişik qəsəbələrdə qeyri-qanuni, sənədsiz evlərdə yaşayan qaçqınlar, köçkünlər və 18 yaşı bitməsinə baxmayaraq, heç bir yerdə qeydiyyatı olmadan yaşayanlardır. Tikdikləri evin min problemi var. Qaz və ya neft xəttinin yaxınlığında, bəziləri isə üstündə, yüksək gərginlikli elektrik xəttinin altında, təzyiqli su xətlərinin böyründə, kanalizasiya xəttinin ortasında, tikinti icazəsi olmayan torpaqlarda… Hamısı pulunu verib, torpağını alıb, rüşvətini verib və tikib. Bu artıq ayrı yazının mövzusudur. Onu da yazarıq!)

Bu milyon yarım sadəcə seçki siyahısında olmayanlardır. Minlərlə, hətta yüzminlərlə öz rayonlarında, kəndlərində seçici siyahısında adı olan adamlar var ki, hamısı qeydiyyatsız yaşayır. Yəni Bakıda qeydiyyatsız yaşayır, rayona qeydiyyatı var. Digər tərəfdən, rayon qeydiyyatından çıxıb Bakıda da qeydiyyata düşə bilməyən xeyli sayda adam var ki, bunlar indiyə qədər qeydiyyatsız yaşadıqları ünvana baxan polis idarəsində “qeydiyyata alınırdılar”. Bir neçə aydır polis vətəndaşlara bu xidməti verməkdən imtina edib, polis idarələrinin qeydiyyatında olan minlərlə adam çıxarılıb “tökülüb çölə”. Hələ özlərinin belə xəbərləri yoxdur, çünki dövlət idarələrinə işləri düşməyib. O adamlar faktiki heç bir yerdə qeydiyyatda deyillər və hüquqi olaraq mövcud deyillər. Adi bir arayış almağa getsələr, bunu hiss edəcəklər. Sistemdə qeydiyyatı çıxmayan adam heç bir iş görə bilməz. Məsələn, vaxtı bitmiş sürücülük vəsiqəsini belə dəyişdirə bilməz. Yoxdur elə bir adam, yaşamır…

İndi gəlin yuxarıdan bəri dediklərimizdən ortaq bir rəqəm çıxaraq. Evinin sənədi olmadığı üçün qeydiyyata düşə bilməyənlər, rayon qeydiyyatında ola-ola Bakıda yaşayanlar, valideynləri qeydiyyatsız yaşayan 18 yaşı keçmiş insanlar, polis idarələrində qeydiyyatda olub çıxarılan, yəni faktiki heç bir yerdə qeydiyyatı olmayan insanlar və s. Topalayaq bunları bir yerə, yəni toplayaq. Yoxsa ki sağ olsunlar, özləri topalanıblar, narahat olmayın, hamısı Bakıdadır, uzaqda deyil. Rəqəmi yuvarlaq götürmək istəsək, bu rəqəmə haradan baxsaq, üç milyondan az deyil. Çoxunu qoyaq kənara, eləcə deyək üç milyon. Bu üç milyonu 30 manatdan cərimələsələr, 90 milyon pul edir. 60 gündən bir  faktiki cərimələmək mümkün olduğundan bir ildə 540 milyon. Necə rəqəmdi, əziz oxucular?  Yoxsa iddia edəcəksiniz ki, bir dəfə cərimələnən şəxs bu problem həll edəcək və növbəti dəfə cərimələnməyəcək? Məgər maşında “stop” işığıdır ki, dəyişəsən, bitsin problem?! Bu problemin həlli yolu yoxdur e. Həll eləmək istəyən olsa belə, bacarmaz. Hökumət bu cərimələrin tətbiqində ayağını dirəyib dursa, adamlar iki aydan bir 30 manatını verib sakitcə işinə-gücünə davam etməlidir. Qanun var e, qanun! Müzakirə olunub, səsə qoyulub, qəbul olunub təsdiqlənmiş qanun!

Bəli, əzizlərim. Mən yazının başında məhz bunu nəzərdə tutub demişdim ki, ölkənin az qala yarısına birbaşa dəxli olacaq bir problemimiz var. Ciddi bir problem, vacib bir məsələ. Amma ki çox da narahat olmayın. Cərimə olunan status yazacaq, dostları yığışıb rəylərdə “mırt tutacaq”, beləcə bir böyük problemin daha “öhdəsindən gələcəyik”.

O ağsaqqal kişi necə demişdi: “Çox şükür, ağır günlər geridə qaldı. İrəlidə bizi daha ağır günlər gözləyir”.

www.yenicag.az

2451
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv