“Cərimələr artırılsa, canının qədrini bilməyənlər pullarının qədrini dərhal biləcəklər” – DADP sədri

“Mövcud həssas durumda müğənnilərə, şou-biznes əhlinə deyil, mütəxəssislərə, alimlərə, həkimlərə geniş meydan verilməlidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında ölkədə pandemiya dövründə tətbiq edilən qaydalara məhəl qoymayan insanların məsuliyyətli davranmaları üçün atılması zəruri olan addımları dəyərləndirən Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) sədri Əlisahib Hüseynov açıqlamasında bildirib.

Əlisahib Hüseynovun fikrincə, sosial məsuliyyət hissini itirmiş bəzi şəxslərin səhlənkarlığı üzündən cəmiyyətin sağlamlığını təhlükəyə atmaq olmaz:

“Bəzi insanların məsuliyyətsizliyi və özündənrazılığı ucbatından ölkədə koronavirusa yoluxanların sayı artmaqdadır. O şəxslərin biganəliyi və eqoistliyi “total lokdaun”a – bütün vətəndaşlarımızın ildırım sürətilə COVID-19-a təslim olmasına şərait yaradır. Bu isə nəinki səhiyyə sisteminin çökməsi, ümumiyyətlə, ölkəmizdə həyatın iflic olması və cəmiyyətin “nəbz”inin dayanması ilə nəticələnə bilər.

Həmin insanlar öz məsuliyyətsizliklərinin necə ağır nəticələrə gətirib çıxara biləcəyinin sanki fərqində deyillər. Prezidentin, Operativ Qərargahın üzvlərinin və həkimlərimizin müraciətləri, çağırışları bu insanlara dərs olmursa, onlar yoluxma, həmçinin ölüm hallarının artmasından nəticə çıxara bilmirlərsə, o zaman belələrinə qanunun sərt üzünü göstərmək lazım gəlir. Belə olduqda, canının qədrini bilməyən bəzi insanlarımız pullarının qədrini dərhal biləcəklər”.

Partiya sədri hesab edir ki, əhalinin koronavirus təhlükəsi ilə bağlı daha ciddi şəkildə maarifləndirilməsi üçün telekanallarda müvafiq işlər genişləndirilməlidir:

“Mövcud həssas durumda müğənnilərə, şou-biznes əhlinə deyil, mütəxəssislərə, alimlərə, həkimlərə geniş meydan verilməlidir. İnsanlarımızın bu gün müğənni yox, mütəxəssis sözünə ehtiyacı var. Televiziyalarımız dünya təcrübəsini nəzərə almalı, peşəkar maarifləndirmə nümunəsi ortaya qoymalıdırlar.

Nəzərə alsaq ki, insanlarımız televiziyadan deyilən sözlərə həmişə xüsusi inamla yanaşıb və həqiqət kimi qəbul ediblər, o zaman televiziyalarımız bu kritik pandemiya dönəmində epidemioloqları, mikrobioloqları, virusoloqları tez-tez efirə dəvət etməlidirlər.

Tamaşaçılara mütəxəssis tövsiyəsi ilə tanış olmaq və qərar qəbul etmək imkanı yaradılmalıdır. İndi hamımızın bir-birimizə qarşı empati duyğusu ilə, anlayışla yanaşmalı olduğumuz günlərdir. Yaxşı olardı ki, özümüzə və virusa münasibətimizi dəyişək. Millətimizin təhlükəsizliyinə təhdid yaradanlardan deyil, millətimizin və dövlətimizin təhlükəsizliyini qoruyanlardan olaq”.

Gülşən Şərif