Çexiya Azərbaycan qazını əldə etməkdə maraqlıdır – Yeni səfir

Çex Respublikası Azərbaycan kimi etibarlı tərəfdaşdan qaz əldə etməkdə maraqlıdır.

Yenicag.az xəbər verir ki, bunu Çexiyanın Azərbaycandakı yeni səfiri Milan Sedlaçek deyib.

“İyulun 18-də Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan ilə Avropa İttifaqı (Aİ) arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumu imzalayıblar. Eyni zamanda Avropa Komissiyası, eləcə də Aİ-nin ayrı-ayrı üzv ölkələri və Avropa enerji şirkətləri Rusiyadan kənarda digər potensial qaz tədarükçüləri, xüsusən də LNG axtarışındadırlar” -deyə M.Sedlacek bildirib.

Səfirin sözlərinə görə, Avropadakı enerji böhranı kontekstində Çexiya onu Rusiyanın tədarükdən daha az asılı vəziyyətə sala biləcək bütün variantları nəzərdən keçirir.

“Biz artıq Azərbaycanı etibarlı neft tədarükçüsü kimi tanıyırıq və Azərbaycan neftini ölkəmizə daşıyan Transalp Kəmərinin (TAL) genişləndirilməsi ilə bağlı son razılaşma bizi Rusiyadan daha az asılı edir. Çexiya ortamüddətli perspektivdə bütün etibarlı təchizatçılardan qaza çıxış əldə etməkdə maraqlıdır”, – səfir vurğulayıb./Trend/