Dekabrın 5-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının 31-ci iclasında iştirakı çərçivəsində Andorra Knyazlığının xarici işlər naziri İmma Tor Faus ilə görüşüb.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Yenicag.az-a bildirilib ki, görüşdə iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri, COP29 Sədrliyimizdən irəli gələn məsələlər, habelə regional və beynəlxalq gündəlikdə duran məsələlər müzakirə olunub.
Nazir Ceyhun Bayramov ölkəmizin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) Sədrliyi, sessiyanın nəticələri barədə məlumat verib, xüsusilə iqlim maliyyəsi olmaqla vacib qərarların əldə olunduğunu diqqətə çatdırıb. Bununla yanaşı, Andorranın sədrliyimiz tərəfindən iqlim dəyişmələri ilə mübarizə sahəsində irəli sürdüyü 9 bəyanatdan 6-na qoşulmasının məmnunluq doğurduğu vurğulanıb.
Qarşı tərəf, həmçinin regiondakı cari vəziyyət, işğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma prosesinin gedişatı barədə ətraflı məluamtlandırılıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlərə dair fikir mübadiləsi aparılıb.