Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Küveyt Dövlətinin xarici işlər naziri Abdullah Əli Əl-Yəhya ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı Azərbaycan və Küveyt arasında ikitərəfli və çoxtərəfli müstəvilərdə əməkdaşlıq və bu əməkdaşlığın genişləndirilməsi perspektivləri müzakirə edilib.
Həmkarını xarici işlər naziri vəzifəsinə yeni təyinatı münasibətilə təbrik edən Ceyhun Bayramov Küveyt xarici işlər nazirinə bu şərəfli fəaliyyətində uğurlar arzulayıb.
Ölkələr arasında əməkdaşlığın hazırkı səviyyəsindən bəhs edən Ceyhun Bayramov Azərbaycan və Küveyt arasında çoxtərəfli platformalar çərçivəsində əməkdaşlıqdan məmnuniyyət ifadə edib.
Cari 2024-cü ilin Azərbaycan və Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə təsadüf etdiyini məmnuniyyətlə qeyd edən tərəflər iki ölkə arasında siyasi məsləhətləşmələrin, nazirlərin sədrlik etdiyi ikitərəfli hökumətlərarası komissiyanın və görüşlərin ölkələr arasında ikitərəfli əməkdaşlıq üçün vacibliyini vurğulayıblar. Turizm, mədəniyyət, ticarət və s. sahələrdə geniş əməkdaşlıq perspektivləri olduğu diqqətə çatdırılıb.
Küveyt tərəfi həmçinin ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) ev sahibliyi çərçivəsində qarşılıqlı əməkdaşlığa hazır olduğunu bildirib.
Ceyhun Bayramov 30 ilə yaxın müddətdə davam edən Ermənistanın ərazilərimizin işğalı tarixçəsi, eləcə də 44 günlük Vətən müharibəsindən sonra post-münaqişə məsələləri, eləcə də ölkəmizlə Ermənistan arasında normallaşma prosesi və ölkəmizin həyata keçirdiyi bərpa-quruculuq işləri barədə qarşı tərəfə məlumat verib.
Görüş zamanı digər qarşılıqlı maraq doğuran ikitərəfli və regional məsələlər, eləcə də Yaxın Şərqdə və Qəzzada vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.
12:23
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində Panama Respublikasının xarici işlər naziri Janaina Tevaney ilə görüşüb.
Bununla bağlı Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.
Görüş zamanı iki ölkə arasında ikitərəfli və çoxtərəfli münasibətlərin inkişaf perspektivləri müzakirə olunub.
Nazirlər Azərbaycan və Panamanın coğrafi baxımından bir-birindən uzaq regionlarda yerləşməsinə baxmayaraq, iki ölkə arasında arasında iqtisadi, nəqliyyat, investisiyalar, alternativ enerji, mədəniyyət, humanitar və s. sahələr üzrə əməkdaşlığın inkişafı üçün imkanların mövcudluğundan bəhs edib.
Bu istiqamətdə potensialın həyata keçirilməsi üçün iki ölkə arasında siyasi məsləhətləşmələr mexanizmindən istifadənin vacibliyi qeyd olunub.
Beynəlxalq təşkilatlar çərçivəsində çoxtərəfli əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyəti vurğulanıb.
Qarşı tərəf cari ildə ölkəmizin BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıq işləri ilə bağlı məlumatlandırılıb.
Ceyhun Bayramov həmçinin postmünaqişə dövründə Azərbaycan tərəfindən bölgədə aparılan genişmiqyaslı bərpa və quruculuq işləri, habelə Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesindən bəhs edib.
Janaina Tevaney COP29-a sədrliyi münasibətilə ölkəmizi təbrik edərək, Azərbaycanın bu məsuliyyətli tədbirin öhdəsindən uğurla gələcəyinə dair inamını ifadə edib. Panamanın ətraf mühitin qorunması, karbon emissiyasının sıfıra endirilməsi sahəsində geniş təcrübəyə malik olduğu və bu təcrübəni bölüşməyə hazır olduğu diqqətə çatdırılıb. Bu kimi təmasların iki ölkə arasında əlaqələrin inkişaf perspektivlərinin müzakirəsi baxımından faydalı olduğu vurğulanıb.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
***
11:26
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalyada keçirilən Diplomatik Forum çərçivəsində Qırğızıstanın xarici işlər naziri Jeenbek Kulubayev ilə görüşüb.
Bu barədə XİN-in sosial şəbəkə hesabında məlumat verilib.
Bildirilir ki, nazirlər qardaşlıq əlaqələrinin genişləndirilməsi və bir sıra sahələrdə strateji tərəfdaşlığın daha da inkişaf etdirilməsi məsələlərini müzakirə ediblər.
Martın 1-də Türkiyənin Antalya vilayətində III Diplomatiya Forumu işə başlayıb.