Ceyhun Bayramov əmr imzaladı – TƏYİNAT

Təhsil Nazirliyində yeni kadr təyinatı olub.

Yenicag.az xəbər verir ki, bununla bağlı Təhsil naziri Ceyhun Bayramov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, professor Əfqan Abdullayev Təhsil Nazirliyinin Elm, ali və orta ixtisas təhsili şöbəsinin Elm sektorunun müdiri vəzifəsinə təyin edilib.

Xatırladaq ki, Ə.Abdullayev bundan əvvəl ADU-nun rektor əvəzi və Tədris işləri üzrə prorektor vəzifəsində çalışıb.

Qeyd edək ki, Əfqan Abdullayev 1956-ci ildə Yevlax rayonunda ziyalı ailəsində anadan olub. 1973-cü ildə Yevlax rayonunda orta məktəbi bitirib. 1973-1978-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnstitutunun İngilis–Azərbaycan dilləri fakültəsində təhsil alıb.

1988-1992-ci illərdə Azərbaycan Dövlət Pedaqoji Xarici Dillər İnsititutunda İngilis dilinin Qrammatikası kafedrasında laborant, müəllim, Tətbiqi Dilçilik laboratoriyasının müdiri işləyib.

1992-1995-ci illərdə Xəzər universitetində ingilis dili müəllimi, rektorun müşaviri, İngilis dili kafedrasının müdiri, Humanitar fakültənin dekanı vəzifələrində çalışıb.

1995-2003-cü illərdə ABŞ-da əvvəlcə Ali Təhsilin idarə olunması üzrə magistraturada, sonra Ph.D proqramında (Koqnitiv dilçilik) təhsil alıb.

1998 və 2005-ci illərdə ABŞ Dövlət Departamentinin Fulbraight mükafatına layiq görülərək ABŞ-ın müxtəlif universitetlərində elmi tədqiqat aparıb və mühazirələr oxuyub.

2001-ci ildən Xəzər universitetinin, 2002-ci ildən isə Azərbaycan Dillər Universitetinin professoru olub.

2003-2014-cü illərdə Azərbaycan Dillər Universitetinin İngilis dili fakültəsinin dekanı vəzifəsində çalışıb.

2014-2016-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyində Akkreditasiya və Nostrifikasiya şöbəsində, Elm, Ali və Orta ixtisas təhsili şöbəsində çalışıb.

6 dərsliyin (2 dərslik xaricdə ingiliscə nəşr olunub), 110-dan çox elmi məqalənin (37 məqalə xaricdə nüfuzlu elmi jurnallarda çap olunub) müəllifidir.

ABŞ və Avropanın müxtəlif beynəlxalq təşkilatlarının 23-dən çox təqaüdünə layiq görülüb.

COP29