Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov ilə İslam Əməkdaşlıq Təşkilatının Baş katibi Yusif bin Əhməd əl-Osaymin arasında görüş keçirib.
Bu barədə Yenicag.az-a XİN-in Mətbuat xidmətindən məlumat verilib.
Görüşdə, həmçinin hazırda ölkəmizdə səfərdə olan İƏT-in Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzünə dair Təmas Qrupuna daxil olan ölkələrin daimi nümayəndələri də iştirak ediblər. Nazir Ceyhun Bayramov Azərbaycanın İƏT ilə mövcud olan yüksək səviyyəli münasibətlərini məmnunluqla qeyd edib. Təşkilat ilə bir çox sahələrdə, o cümlədən iqtisadi, elm və mədəniyyət, gənclər, əmək və digər sahələrdə fəal əməkdaşlığın həyata keçirildiyini vurğulayıb.
Azərbaycanın beynəlxalq hüquqa əsaslanan haqq mövqeyinə İƏT-in birmənalı dəstəyi və bu çərçivədə keçmiş Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı çoxsaylı qətnamələrin qəbul edildiyi qeyd edilib. Nazir Azərbaycanın işğaldan azad edilən ərazilərində Ermənistan tərəfindən törədilən dağıntıların miqyasını İƏT Təmas Qrupunun üzvlərinin şəxsən görmək imkanının olduğunu bildirib və son hərbi əməliyyatlar zamanı Ermənistanın məqsədli şəkildə mülki əhali və infrastrukturu hədəf aldığını qarşı tərəfin diqqətinə çatdırıb.
Nazir, həmçinin azad edilmiş ərazilərdə vaxtı ilə Ermənistan tərəfindən basdırılan minaların insan həyatına çox ciddi təhdid təşkil etdiyini və Ermənistan tərəfindən mina xəritələrinin təqdim edilməməsinin müharibə cinayətinə bərabər olduğunu vurğulayıb.
Baş katibi Yusif bin Əhməd əl-Osaymin Azərbaycanı Qələbə münasibətilə təbrik edib. O, Azərbaycan Respublikası Prezidenti ilə görüşünü məmnunluqla vurğulayıb. Ərazilərinin işğal altında qaldığı 30 ilə yaxın müddətdə nümayiş etdirilən səbrin Prezidentin sülhpərvər olduğuna dəlalət etdiyini qeyd edib.
Baş katib azad edilmiş ərazilərdəki dağıntılardan xəbərdar olduğunu bildirib, tarixi abidələrin, dini ibadətgahların qorunmasının çox önəmli məsələ olduğunu qeyd edib. Azərbaycanın hər zaman tolerantlıq nümunəsi olduğunu söyləyən İƏT Baş katibi, azad edilmiş ərazilərdəki yenidən quruculuq işləri nəticəsində burada bərpa olunacaq həyat və birgə yaşayışla ölkənin parlaq nümunə olacağına inandığını səsləndirib.
Həyata keçirilən yenidən qurma və bərpa prosesində İƏT-in İslam İnkişaf Bankı, eləcə də digər institutlarının iştirak edəcəyini vurğulanıb. Nazir Ceyhun Bayramov Azərbaycan Respublikası Prezidenti tərəfindən “Dostluq” ordeni ilə təltif olunması münasibətilə Baş katibi Yusif bin Əhməd əl-Osaymini təbrik edib. Görüşdə, həmçinin İƏT Təmas Qrupunun üzvləri ölkəyə səfərlərinin nəticələri və Qrupun gələcək fəaliyyət istiqamətləri ilə bağlı fikirlərini bölüşüblər.