Ceyhun Bayramov iordaniyalı nazirlə danışdı – Müzakirə mövzusu açıqlandı

Bu gün Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Safadi arasında telefon danışığı baş tutub.

XİN-dən Yenicag.az-a verilən məlumata görə, nazirlər arasında bölgədəki son vəziyyət və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı üçtərəfli bəyanatın imzalanması məsələsi ətrafında fikir mübadiləsi aparılıb.

Nazir Ceyhun Bayramov birgə bəyanatın beynəlxalq hüquq normaları və BMT TŞ qətnamələrinə əsaslandığını vurğulayıb.

İordaniya naziri Əymən Əs-Safadi münaqişə bölgəsində tam atəşkəs və bütün hərbi əməliyyatların dayandırılmasını elan edən razılaşmanı alqışlayıb. Bölgədə dayanıqlı sülhüm təmin olunması üçün beynəlxalq hüquq normalarına hörmət olunmasının vacibliyini qeyd edib.

Tərəflər habelə qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.