Ceyhun Bayramov özbəkistanlı həmkarı ilə danışdı

Azərbaycan Respublikasının İran İslam Respublikasındakı səfirliyinə qarşı törədilmiş terror hücumu ilə əlaqədar Özbəkistan Respublikasının xarici işlər naziri vəzifələrini icra edən Bəxtiyar Saidov Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramova zəng edib.

Bu barədə Yenicag.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Özbəkistan naziri baş vermiş bu aktı qəti şəkildə pisləyib, hücum nəticəsində həyatını itirmiş mərhumun ailəsinə və qardaş Azərbaycan xalqına baş sağlığı diləklərini çatdırıb və Azərbaycan tərəfi ilə həmrəyliyini bildirib.

C.Bayramov özbəkistanlı həmkarına öz minnətdarlığını bildirib, bu cinayəti törədənlərin və onun sifarişçilərinin ən qısa zamanda məsuliyyətə cəlb edilməsi və cəzalandırılması üçün Azərbaycan tərəfinin bütün mümkün vasitələrdən istifadə edəcəyini qeyd edib.