Ceyhun Məmmədovun seçicilərlə növbəti görüşü – FOTO

120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi Ceyhun Məmmədovun təbliğat-təşviqat kampaniyası çərçivəsində görüşləri uğurla davam edir.

Bu silsilədən növbəti görüş Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş tutub. C.Məmmədov Cəbrayıldan olan məcburi köçkünlərin evlərində olub, həyətlərdə sakinlərlə görüşüb.

Daha sonra seçicilərin iştirakı ilə keçirilən tədbirdə çıxış edən YAP Cəbrayıl rayon təşkilatının sədri Arif Fərzəliyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi siyasətin ölkəmizə böyük nüfuz qazandırdığını və Azərbaycanın regionun lider dövlətinə çevrildiyini diqqətə çatdırıb. Qarşıdan gələn parlament seçkiləri haqqında danışan A.Fərzəliyev seçkilərdə YAP tərəfindən ən layiqli namizədlərin irəli sürüldüyünü qeyd edib.

Tədbirdə çıxış edən YAP-ın 120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən namizədi Ceyhun Məmmədov seçki platforması haqqında geniş məlumat verib. C.Məmmədov Yeni Azərbaycan Partiyasının qurucusu Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi və Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən siyasət nəticəsində ölkəmizdə stabillik və əmin-amanlıq yaradıldığını, dərin islahatlar həyata keçirildiyini, xalqımıza firavan gələcək vəd edən iqtisadi uğurların təməllərinin qoyulduğunu, insan hüquq və azadlıqlarının təmin olunduğunu vurğulayıb. Ceyhun Məmmədov seçicilərin ona etimad göstərəcəyi təqdirdə ölkəmizin daha yüksək inkişafına və tərəqqisinə xidmət edən yeni qanunvericilik aktlarının hazırlanmasında iştirak edəcəyini nəzərə çatdırıb. Ceyhun Məmmədov həmçinin milli-mənəvi dəyərlərin qorunması, təbliği və gələcək nəsillərə çatdırılması işində, gənclərin milli vətənpərvərlik ruhunda yetişdirilməsində fəal iştirak edəcəyini də vurğulayıb.

Rayon Ağsaqqallar Şurasının sədr müavini Əyyub Quliyev, Jurnalist Araşdırmaları Mərkəzinin sədri Seymur Verdizadə Ceyhun Məmmədov haqqında ümumi məlumat verərək, onun fəaliyyətini yüksək qiymətləndiriblər.