CHP ilə terrorçu PKK-nın siyasi qanadı arasında YENİ İTTİFAQ: “Bu partiyaları yaxınlaşmağa sövq edən…”
“CHP-nin yeni sədrinin bu prosesin açıq və şəffaf aparılması tələbi qarşısında çətin vəziyyətə düşdüyü görülür”.
Bu fikirləri Türkiyədə martın 31-də keçiriləcək yerli seçkilər çərçivəsində ölkənin ana müxalifət Cümhuriyyət Xalq Partiyasının (CHP) terrorçu PKK-nın siyasi qolu DEM Partiya ilə ittifaq qurmaq cəhdlərini dəyərləndirən “Takvim” qəzetinin siyasi şərhçisi Əkrəm Kızıltaş Yenicag.az-a açıqlamasında deyib.
Onun sözlərinə görə, CHP ilə DEM Partiya arasında bazarlıq haradasa fevralın ilk həftəsinə qədər davam edəcək:
“CHP ötənilki seçkilərdə olduğu kimi, qarşıdan gələn yerli seçkilərdə də “Altılı masa”nı yenidən qurmaq cəhdi sırasında keçmiş HDP, indiki DEM Partiyanı bu formata “yeddinci üzv” qismində qatılmağa inandırmağa çalışması İYİ Partiyanın kənara çəkilməsi, digər kiçik partiyaların isə buna soyuq yanaşmaları ilə müşayiət olunur.
Bu da CHP-ni DEM-ə daha da yaxınlaşmağa sövq edir. Ancaq onların bir seçki ittifaqı qurub-qurmayacaqları hələ dəqiqləşməyib. Yayılan məlumatlara görə, əgər DEM Partiya CHP ilə qurulacaq ittifaqla bağlı bütün detalların ictimaiyyətə açıqlanmasını və eyni zamanda, dəstək qarşılığında İstanbul, Ankara və İzmirdə bir neçə qəsəbə üzrə bələdiyyə rəhbərliyinin ona verilməsini istəyir.
Hazırda CHP-nin yeni sədrinin bu prosesin açıq və şəffaf aparılması tələbi qarşısında çətin vəziyyətə düşdüyü görülür. Çünki prosesin şəffaf gedəcəyi təqdirdə CHP qəyyumluq və ölkə xaricində əməliyyatların keçirilməsi məsələsində DEM Partiya ilə uzlaşdırılmış açıq mövqe ortaya qoymalıdır. Bu isə həm öz siyasətləri, həm də ictimai rəyin təpkisi prizmasından CHP rəhbərliyinin işini çox çətinləşdirir. Maraqlıdır ki, DEM Partiya təmsilçiləri verdikləri bəyanatlarda CHP-nin onların şərtləri ilə razılaşmayacağı təqdirdə, ciddi uğursuzluq yaşayacağını bildirirlər.
Fikrimcə, CHP ilə DEM Partiya arasında bu bazarlıq haradasa fevralın ilk həftəsinə qədər davam edəcək. Əgər onlar anlaşa bilsələr, böyük ehtimalla DEM Partiya İstanbulda, Ankarada bələdiyyə sədrliyinə ya namizəd irəli sürməyəcək, ya da sadəcə, formal bir namizəd göstərərək CHP namizədinin qalib gəlməsinə çalışacaq. Hər halda, qarşıdakı həftələrdə bu məsələlərə aydınlıq gətiriləcək”.
Nəsimi Ələsgərli