Cibini doldurur, deyir, xalqa xidmət edirik – Bu “müğənnicik”lər kimə MEYDAN OXUYUR?

Yəqin siz də efirlərdə tez-tez müğənnilərin dilindən bu fikri eşidirsiz: “Biz sənət adamlarına daim diqqət lazımdır, çünki biz xalqa xidmət edirik”.

Bu sözləri həqiqətən də musiqidən başı çıxan, səsi, sənəti olan sənətkarlar desə, vallah, heç qıcıq da olmaram. Bədbəxtçilik bundadır ki, bu sözü deyənlər iki dənə mahnısını pulla “Yutub”a yerləşdirib, bir gecənin içində öz təbirləri ilə desəm, tpend olanlar söyləyir. Bu trend də nədən ötrüdür, yaxşı bilirik. Toy tutmaq, qaz vurub, qazan doldurmaq, bahalı həyat sürmək, bağ-villa, son marka avtomobillərə sahib olmaq.

Adama sual verərlər, sən bu xalq üçün neyləyirsən, hansı xidmətdən danışırsan? Pul qazanıb, cibini doldurursan, yeddi arxa dönəninə gün ağlayırsan, adını da qoyursan xalqa xidmət? Barmağının bircəciyini qatla görək, bu xalq üçün hansı xidməti göstərmisən? Neyləmisən? Bəlkə gedib toylarında pulsuz oxumusan? Hansı ki, toya dəvət ediləndə qəpiyinizdən belə keçmirsiz? Hələ bir minnət də qoyursuz ki, toyda oxuyuruq, tər tökürük.

Keçən dəfə müğənni Şəbnəm Tovuzlu verilişlərin birində deyir ki, pulu minbir zəhmət hesabına qazanırıq, halal pullardır. Minbir zəhmət də nə olsa yaxşıdır? Deyir dikdaban ayaqqabılarda toyun axırına qədər dayanırıq. Nə ölümdür, geyinmə… İkincisi də sənin dikdaban ayaqqabılarda performans göstərməyinin bu camaata, oxumağına nə aidiyyəti var axı, bunu anlamadım. İkincisi, 5-10 mini alıb cibinə basırsan, aparıb xalqın cibinə ki, qoymursan.

Xalqa xidmət edənlər xalqa səviyyəli musiqi zövqü yaşadanlardır. O yazıqlar heç yekə-yekə efirlərdə demirlər ki, biz bu xalq üçün çalışırıq. Barı arada onlara baxıb ibrət dərsi götürün. Onlara baxıb bir az abır-həya edin. Arada onların oxuduğu musiqiləri dinləyib zövqünüzün pasını atın və görün oxumaq, xalqa xidmət etmək nə deməkdir, ay binəvalar.

Cəvahir