!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Cığatel doğum günündə göz yaşı tökdü: “O gülü məzarı üstə qoydum”

!Reklam – Yazi

“Şeir haqqın kəlamı, şair haqqın mirzəsi,
Kimsə eşidə bilməz, şair eşidən səsi.
Mənim şeir yazmağım Allahın möcüzəsi,
Mələklər pıçıldayır, qulağıma söz deyir,
Mən şeir yazmıram ki, şeir “məni yaz” deyir…”

“Mən öz ömrümü yox, şair ömrünü yaşayıram” deyib həyatını şeiriyyata həsr edən, heç vaxt kirlətmədiyi ruhu ilə göy üzündə pərvazlanan saz-söz adamı, şairə Cığatel İsaqızının doğum günüdür.

Təəssüratlarını Yenicag.az-la bölüşən şairəni duyğulu, kövrək gördük.

– Doğum günündə Cığatelin ruhu hansı havadadır?

– Ruhum fəsillər kimidir, gah payız, gah qış, gah yay, gah da yaz havasında olur. Bəzən bulud kimi doluram, bəzən də şimşək kimi çaxıram. Amma indi də kövrəyəm, duyğuluyam. Vurulum, yıxılım, mənəvi cəhətdən döyülüm-bunlar heç vaxt məni kövrəltməyib, amma sevgilərdən duyğulanmışam. Təbriklər, sevgilər məni ağlatdı bu gün.

– Ən çox hansı yaşınızı sevmisiniz?

– 18-19 yaşımı… Onda atam-anam sağ idi, qayğısız günlərim vardı. Bilmirdim ki, başıma nələr gələcək, hansı ağrıları yaşayacam. İllər ötdü, çiynimdə ağır yük daşıdım. İndi də gözüm ata-anamı axtarır, göz yaşlarımı saxlaya bilmirəm.

– Xanımlar yaşlanmaqdan çox qorxur, bəs siz?

– Rəqəmlərin mənim üçün fərqi olmayıb. 50 yaşımı həvəslə gözləyirdim. Amma 40 da gəldi, 50 də. Heç dəyişə bilmədim. Çünki yaşlandığımı hiss etmədim. Bu gün 54 yaşım tamam olur. 100 yaşım da olsa, o rəqəmin mənim üçün əhəmiyyəti olmayacaq. Çünki heç böyümədim, heç yaşlandığımı hiss etmədim. Yalnız duyuğularımın, ruh halımın mənim üçün fərqi var.

– Gözəl xanımsınız, “54” heç yel olub, yanınızdan ötə bilməz…

– Mənə deyirlər gözəlsən, amma gəlib güzgüyə baxanda görürəm qapqara qızam. Bir onu etiraf edim ki, ruhum gözəldir. Çünki təpədən-dırnağa eşqlə dopdoluyamr. Ruhum zərrə qədər kirlənməyib, safdır. Yəqin elə məni belə saxlayan ruhumdur.

– Hansı daha maraqlıdı- Cığatel ömrü, yoxsa şairə ömrü?

– Əslində şairə ömrünü yaşayıram, onun yükünü daşıyıram, hələ öz ömrümü yaşamamışam. İnan ki, gözləyirəm ki, nə vaxtsa öz ömrümü yaşayım.

– Elə bir insan varmı ki, ürəyinizdə Allaha yalvarasınız ki, kaş qapını açıb, məni təbrik edəydi?

– Bilirəm ki, gözlədiyim adam gəlib məni təbrik etməyəcək. Ona görə də rayona gəldim. Məhz onun mənə gəncliyimdə bağışladığı hədiyyəni özünə qaytarmaq üçün. Suni gül bağışlamışdı ki, heç vaxt o çiçək ölməsin. Dünən aparıb o gülü məzarının üstünə qoydum. Camalımı deyirəm-ömür-gün yoldaşımı.

– Cığatelin doğum günündə yeni şeir doğuldumu?

– Şeir o qədər böyük gəlib ki, onu yaza bilmirəm. Doğulub, yazı olub varağa köçməyib. Hələ gözlərimdə yaşa dönüb.

– Allahdan gözlədiyiniz ən böyük hədiyyə varmı?

– O hədiyyəni gözləyirəm. Ömrümü şeirə həsr etdim, buna görə də dəyər və məhəbbət istəyirəm. Allah o sevgini göndərsin, Cığatel əbədi tarixdə qalsın.

Qeyd: Dəyərli şairəmiz Cığatel xanımı rəfiqəsi Məlahət Qurbanova başda olmaqla, dostları təbrik edir, ona uzun ömür-can sağlığı, fəaliyyətində uğurlar arzulayırlar.

Cəvahir

www.yenicag.az

10918
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv