Çikaqoda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb – FOTO

ABŞ-ın əsas siyasi və mədəniyyət mərkəzlərindən biri olan Çikaqo şəhərində, İllinois Ştatının Holokost Muzeyi və Təhsil Mərkəzinin binasında Azərbaycan tarixinin ən faciəvi səhifələrindən biri olan Xocalı faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbir keçirilib.

Yenicag.az xəbər verir ki, tədbir Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin təşkilatçılığı, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və səfirliyin iştirakı ilə baş tutub.

Tədbirdə “Xocalı faciəsi – qanlı yaddaş və anım” mövzusunda foto sərgi və seminar təşkil edilib.

Tədbirdə əsas natiqlər qismində ABŞ-ın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin sədri Mehriban Məmmədova, Türkiyə Respublikasının Çikaqo şəhərindəki Baş Konsulu Umut Acar, Ukraynanın Çikaqo şəhərindəki vitse konsulu Aleksandr Luschuk, Azərbaycan Respublikasının ABŞ-dakı Səfirliyinin konsulu Emil Muradzadə, “Orta Asiya Səmərəliliyi” tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski, Ukrayna Amerika konqresinin direktorlar şurasının sədri – Roman Yatskovskiy, Çikaqo şəhərində fəaliyyət göstərən Özbəkistan cəmiyyətinin sədri Serajuddin Nasafi çıxış etmişdir. Xüsusi qonaq qismində Holokost şahidi Janine Oberrotman iştirak etmişdir. Bundan əlavə, təbirdə Çikaqo şəhərinin ictimai xadimləri, Azərbaycan, Türkiyə, Qırğızıstan, Pakistan, Hindistan və Moldova icmalarının nümayəndələri iştirak etmişlər.

Anım mərasimində Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinin sədri Mehriban Məmmədova tədbiri çıxış nitqi ilə açaraq tədbirin proqramı və Xocalı faciəsi barədə fikirlərini bölüşdü. Daha sonra Çikaqo şəhərində yaşayan Azərbaycanlı gənc fəallar – Leia Zarinebaf ve Nəzrin Məmmədova, Xocalı faciəsi barədə təqdimat edərək tədbir iştirakçılarına məlumat vermişlər. Təqdimat Çikaqo şəhərində yaşayan istedadlı gənc Araz Zarinebagın ud alətində Sarı gəlin musiqisinin ifası ilə müşayət edilmişdir.

Daha sonra tədbir iştirakçılarına Xocalı faciəsinə həsr edilmiş qısa video çarx nümayiş etdirilmişdir.

Tədbirdə Azərbaycanın ABŞ-dakı konsulu Emil Muradzadə çıxış edərək, görüş iştirakçılarına Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi, Ermənistanın ölkəmizə qarşı apardığı işğalçı siyasət, xalqımıza qarşı törədilən etnik təmizləmə faktları və soyqırım cinayətləri barədə ətraflı məlumat vermişdir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2008-ci ildə başlayan “Xocalıya Ədalət” beynəlxalq kampaniyası barədə söz açaraq, kompaniyanın fəaliyyət istiqamətləri və məqsədi barədə məlumatı təbdir iştirakçılarının diqqətinə çatdırmışdır.

Daha sonra Türkiyə Respublikasının Çikaqo şəhərindəki baş konsulu Umut Acar çıxış edərək, Xocalı faciəsi və Erməni terrorçuları tərəfindən Türkiyə diplomatlarına qarşı törədilən cinayətlər barədə məlumat vermiş, bu həqiqtlərin dünya ictimaiyyətinə çatdırılması istiqamətində bu kimi tədbirlərin keçirilməsinin olduqca vacib olduğunu vurğulamışdır. Bundan əlavə, U.Acar tədbir iştirakçılarına Türkiyə-Azərbaycan qardaşlıq münasibətləri barədə də ətraflı məlumat vermişdir. Bütün çətinliklərə baxmayaraq Azərbaycanın sürətlə inkişaf etdiyini və Cənubi Qafqaz bölgəsinin ən güclü dövləti olduğunu vurğulamışdır. Xocalı faciəsinin 27-ci il dönümünə həsr edilmiş tədbirin yüksək təşkilinə görə Mehriban Məmmədovaya və bütün təşkiltaçılara dərin təşəkkürünü bildirmişdir.

“Orta Asiya Səmərəliliyi” tədqiqat mərkəzinin rəhbəri professor Harri Lepinski çıxışında Cənubi Qafqaz bölgəsində olan durum və Xocalı faciəsinin dəhşətləri barədə məlumat vermişdir.

Daha sonra Ukrayanın Çikaqo şəhərindəki vitse konsulu Aleksandr Luşik çıxış edərək, Azərbaycan ərazilərinin bu günədək işğal altında olduğunu qeyd etmiş, bir ukraynalı kimi Azərbaycan xalqının dərdinə şərik olduğunu bildirmişdir.

Ukrayna Amerika konqresinin direktorlar şurasının sədri Roman Yatskovsky tarixdə insanlıq əleyhinə olan cinayətlərin oxşarlığından bəhs etmiş, bu kimi cinayətlərin təkrarlanmaması üçün həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması və cinayət iştirakçılarının məsuliyyətə cəlb olunmasının vacibliyindən danışmışdır.

Çikaqo şəhərində fəaliyyət göstərən Özbəkistan cəmiyətinin sədrı Serajuddin Nasafi çıxış edərək Özbəkistan – Azərbaycan qardaşlıq münasibətlərindən danışmış, Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqdar xalqımıza baş sağlığı vermişdir.

Tədbirdə xüsusi qonaq qismində iştirak edən, yəhudi xalqına qarşı törədilmiş Holokostun canlı şahidi xanim Janine Oberrotman geniş çıxış edərək şahidi olduğu acı xatirələr barədə söhbət açmış, Holokost və Xocalı faciəsinin oxşarlığından və insanların əziyyət çəkməsindəndanışmışdır. O, valideynlərinin Holokost zamanı qətlə yetirildiyini bildirərək insanlıq əleyhinə cinayət törədən şəxslərin bağışlanmasının mümkünsüzlüyünü qeyd etmişdir.

Daha sonra Azərbaycanlı gənc Araz Zarinebag ud alətində ifa edərək, Bayatı şiraz mugamı və türk musiqisindən parçalar səsləndirmişdir. İfa tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Təbirin sonunda qonaqlara Xocalı faciəsi zamanı şəhid olan soydaşlarımızın ruhuna ehsan verilib.

Qeyd edək ki, İllinois ştatını ABŞ Senatında təmsil edən Temmy Dakuors (Tammy Duckworth) tərəfindən Amerikanın Orta Qərb Ştatları üzrə Azərbaycan Mərkəzinə ünvanlanmış məktubda Xocalı faciəsinin xatirəsinin anılması üçün Mərkəzə minnətdarlıq ifadə edilib. Daha yaxşı gələcəyin qurulması üçün tarixi faktların tanınmasının vacibliyini qeyd edən senator bu kimi halların təkrarlanmaması üçün bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini vurğulayıb.

Həmçinin Xocalı faciəsinin 27-ci il dönümü ilə əlaqədar ABŞ Konqresinin üzvü Bobbi Raş (Bobby Rush) tərəfindən rəsmi bəyanat verilib. Konqresmen bəyanatda Xocalı faciəsinin ABŞ-da anılmasının dünya xalqları arasında anlaşma, əlaqələndirmə və dözümlülüyü daha da artıracağına ümid ifadə edib.

COP29