Çin Pelosiyə sanksiya tətbiq edəcək

Çin Tayvana səfər edən ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosiyə qarşı sanksiya tətbiq edəcəyini açıqlayıb.

Yenicag.az xəbər verir ki, bu barədə Çin Xarici İşlər Nazirliyi məlumat yayıb.

Çin XİN-in yaydığı açıqlamada deyilir:

“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosi Çinin ciddi narahatlığına və sərt etirazlarına məhəl qoymayaraq Tayvana getməkdə israr etdi. Səfər Çinin daxili işlərinə qarışaraq onun suverenliyinə və ərazi bütövlüyünə xələl gətirmiş, “Vahid Çin” prinsipini ciddi şəkildə pozaraq Tayvan boğazının sülh və sabitliyinə ciddi təhlükə yaradıb”.

Çin Pelosinin “təxribatçı hərəkətləri”nə cavab olaraq Çin Xalq Respublikasının müvafiq qanunlarına görə, Pelosi və onun birinci dərəcəli qohumlarına qarşı sanksiyalar tətbiq etmək qərarı alıb. Sanksiyaların məzmunu barədə ətraflı məlumat verilməyib.