Çin Şarl Mişelin video-müraciətinin televiziyada yayımını dayandırdı

Çin hakimiyyəti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin “China International Import Expo” sərgisinin iştirakçılarına ünvanladığı video-müraciətinin televiziya ilə yayımını dayandırıb.

Yenicag.az xəbər verir ki, məlumatı “Reuters” yayıb.

Aİ liderinin müraciəti sərginin açılış hissəsində yayılmalı imiş. Ş.Mişel video-müraciətdə Rusiyanın Ukraynada apardığı qanunsuz müharibəni kəskin tənqid edərək Avropa İttifaqının Moskvanın enerjidaşıyıcılarından asılı olduğunu da vurğulayıb.

O, Çin hökumətini Rusiya-Ukrayna müharibəsinin tənzimlənməsində nüfuzundan istifadə etməyə çağırıb.

Ş.Mişelin sözçüsü Barend Leyts “Reuters”ə bildirib ki, onlar Pekin səlahiyyətlilərinin tələbi ilə Aİ Şurası Prezidentinin əvvəldən lentə alınan müraciətini təqdim ediblər. O, video-müraciəti adi diplomatik kanallar vasitəsilə göndərdiklərini də söyləyib. Lakin müraciətin televiziyada yayımı dayandırılıb.

Çin rəsmiləri isə yayımın ləğvi ilə bağlı məlumatı şərh etməyiblər./Report/