Cinayətə sürüklənən gənclər: “Əgər indiki vəziyyətin qarşısı alınmasa…” – Ekspertlərdən HƏYƏCAN TƏBİLİ

Son zamanlar mətbuatda itkin düşən və eyni zamanda, cinayət törədən gənclərlə bağlı xəbərlərə sıx rast gəlinir. Xüsusən də yeniyetmələr arasında bu tendensiya geniş yayılıb. Bəzi hallarda da itkin düşənlərin cəsədi tapılır.

Məlum xoşagəlməz halların səbəbləri ilə bağlı Sağlam Cəmiyyət Hərəkatının sədri, sosioloq Lalə Mehralı Yenicag.az-a açıqlamasında bildirib ki, gənclər arasında yaranmış neqativ halların aradan qaldırılması üçün ciddi addımların atılması vacibdir. Əks halda, yaxın gələcəkdə vəziyyət daha da pisləşəcək:

“Əslində, aqressiv tərkibli xəbərlərin yayımındakı artım təəssüf doğurur. İtkin düşənlərlə yanaşı, bir-birini öldürmək, bıçaqlamaq, başını kəsmək kimi cinayət hadisələrinin, xüsusilə yeniyetmələr tərəfindən törədilməsi olduqca narahatedici məqamdır. Yeniyetmələrin uğurları, təhsili, imtahanı barədə məlumatlara daha çox rast gəlməkdənsə, bu gün tam əks xəbərlərin olması üzücüdür. Məktəbli qız çantasında bıçaq gəzdirir, 15 yaşlı yeniyetmə anasını bıçaqlayaraq öldürür. Yeniyetmələrin nə vaxt bu hala gəldiyi təəccüb doğurur. Yeniyetmələrin cinayətə meyilli olmasının səbəbi daha çox ailədən gəlir. Bu gün uşaqlar cinayət motivli filmlərə, seriallara ailələri ilə birlikdə baxırlar. Xüsusən də uşaqların oynadığı əksər oyunlar onların aqressiv olmasına təsir edir. Əgər indiki vəziyyətin qarşısı alınmasa, gələcəkdə daha ağır hadisələr yaşana bilər. Ona görə də gec olmadan məktəblilərlə işləmək lazımdır. Əvvəllər Daxili İşlər Nazirliyi və məktəb əməkdaşlığı var idi. Bu əməkdaşlığa üstünlük verilməlidir”.

Psixoloq-təlimçi Vüsalə Əmiraslanova isə öz növbəsində qeyd edib ki, gənclərin cinayətə meyilli olmaması üçün bağçadan məktəbə kimi uşaqlar psixoloqlarla mütəmadi əlaqədə olmalıdırlar:

“Gənclər arasında aqressiya, özbaşınalığın artmasının səbəbi uşaqların öz aralarında müzakirə etdiyi məsələlələri böyüklərlə məsləhətəşməməsidir. Çox hallarda uşaqlar sinif yoldaşılarından və ya öz yaşıdlarından fərqlənmək istəyirlər. Onlar özlərini hər mövzuda birinci göstərmək istəyirlər. Bu istəklərinə təkbaşına nail ola bilmədikdə isə narkotik vasitələrə, xüsusən də “patı”ya maraq göstərirlər. Eyni zamanda, gizli aləm onların xoşuna gəlir. Uşaqların özlərini virtual aləmdə sübut etməyə çalışması da məlum neqativ halların yaranmasına səbəb olur. Uşaqların cinayətə meyilli olması böyüklərin nəzarətsizliyindən irəli gəlir. Bu cür problemlərin qarşısının almasında məktəb psixoloqlarının rolu böyük olmalıdır. Bununla yanaşı, müəllimlər şagirdlərə qarşı diqqətli olmalı, müəllim-psixoloq-valideyn üçbucağı yaradılmalıdır”.

Gülşən Şərif