Cinayətkar dəstənin 2 üzvü tutuldu – Axtarış davam edir

Daxili işlər orqanları mülkiyyət və şəxsiyyət əleyhinə olan cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirib.

Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba rayonunda regional qrupundan Yenicag.az-a verilən məlumata görə, Quba rayon Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qabaqcadan əlbir olaraq cinayətkar dəstə təşkil etmiş, hədə-qorxu ilə Quba rayon sakini Rasim Neymətovdan pul tələb edərək onu özünü öldürmə həddinə çatdırmaqda şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş Siyəzən rayon sakini Mərifət Quliyev və əvvəllər məhkum olunmuş Xaçmaz şəhər sakini Anar Mövlanov saxlanılaraq polis şöbəsinə gətirilib. Saxlanılan zaman M.Quliyevin üzərindən 300 qramdan çox qurudulmuş marixuana aşkar edilib.

Dindirilmə zamanı saxlanılan şəxslər törətdikləri cinayət əməlini etiraf ediblər.

Onlar qabaqcadan əlbir olub bir dəstə təşkil etdiklərini və Rasimdən Xaçmaz şəhər sakini Hafiz adlı şəxsə olan 1900 manat borcunun hədə-qorxu gələrək ödənilməsini tələb etdiklərini bildiriblər. Zərərçəkənin maddi vəziyyəti yaxşı olmadığına görə pulu ödəyə bilməyib, bu zaman isə saxlanılar şəxslər yenidən zərərçəkənə hədə-qorxu gələrək onu özünü öldürmə həddinə çatdırıb. Nəticədə R.Neymətov cari ilin iyun ayında sol qolunun damarlarını kəsərək intihara cəhd edib.

Saxlanılan şəxslərin digər cinayət hadisələrində iştirak edib-etməmələri araşdırılır.

Faktla bağlı M.Quliyev və A.Mövlanov barəsində Quba RPŞ-nin İstintaq bölməsində cinayət işi açılıb. Cinayətkar dəstənin digər üzvlərinin tutulması istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

COP29