Cinayətkar Ermənistanın ABSURD İTTİHAMI: “Azərbaycan bütün faktları beynəlxalq təşkilatların qarşısına qoymalıdır” – ŞƏRH

“Nə qədər həyasız olmalısan ki, Xocalını törədən dövlət olaraq Azərbaycanı hərbi cinayət törətməkdə ittiham edəsən”.

Bu sözləri erməni tərəfinin Azərbaycanı hərbi cinayət törətməkdə ittiham etməsinə münasibət bildirən Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbi polisinin keçmiş rəisi polkovnik Rövşən Məhərrəmov Yenicag.az-a açıqlamasında deyib.

Rövşən Məhərrəmov bildirib ki, erməni tərəfinin Azərbaycanı bu mövzuda ittiham etməsi absurddur:

“Müharibələr zamanı əsirlər olur. Ancaq hər döyüş meydanında sağ qalanın da sona qədər sağ qalacağı anlayışı yoxdur. Əgər ordu hərəkət edirsə və döyüş meydanında sağ qalmış qarşı tərəfin hərbçisinin geriyə aparılması təmin edilə bilmirsə, o zaman ərazidə olanlar nə edəcəklərinə qərar verir. Ələ keçirilmiş hərbçilərə əgər işgəncə verilsə, onlara qarşı qeyri-insani rəftar olunsa, o zaman qarşı tərəf haqlı olardı. Fakt ordu döyüşüb, mövqe ələ keçirib, qarşı tərəf də həmlə edib, orada qərar verilməli idi. Onun videosu çəkilməsə idi, kim biləcəkdi o hərbçilər döyüş vaxtı, yoxsa mövqe götürüləndən sonra güllələnib? Əslində videonun özündə xeyli müəmma var. Ona görə də məhz o video üzərindən ordunun üstünə gedilməyi düzgün hesab etmirəm. Orada tək problemli məsələ smartfon telefonların olmasıdır. Hesab edirəm ki, Müdafiə Nazirliyi verdiyi qadağanın yerinə yetirilməsini təmin etməlidir.

Biz bilirik ki, əsirlər olanda müvafiq yerli və beynəlxalq təşkilatlara müraciət olunur. Onların saxlanılması şəraiti ilə maraqlanırlar. Azərbaycan tərəfi heç vaxt bundan geri çəkilməyib. Dəfələrlə olub ki, erməni əsirlərinin gəldiyi vaxtla yola salınma vaxtı müqayisə ediləndə, gedərkən onların çəki artırdığını görmüşük. Ancaq erməni tərəfi hər zaman Azərbaycan əsirlərinə işgəncə verib, onların üzərində təcrübələr həyata keçiriblər. Beynəlxlaq təşkilatlar zəhmət çəkib bu məsələyə də münasibət bildirsinlər.

Bundan əlavə, Xocalı soyqırımı uzaq keçmiş deyil. Ermənilər nəinki hərbçilərə, uşaqlara və yaşlılara belə işgəncə veriblər, onların meyidlərinin başına olmazın oyunlar açıblar. Bunu törədən ölkənin indi hay-həşir salması ikrah doğurur. Hesab edirəm ki, Azərbaycan tərəfi bu günə qədər olan bütün faktları beynəlxalq təşkilatların qarşısına qoymalıdır”.

Səxavət Məmməd