Çində 800 milyon yerli səfər olacaq

Çin Xalq Respublikasının yaranması günü münasibətilə 7 günlük bayram tətili günlərində təxminən 800 milyon yerli səfərin qeydə alınacağı gözlənilir.

Yenicag.az xəbər verir ki, bu barədə Çinin əsas onlayn səyahət platforması olan “Ctrip” məlumat yayıb. Bildirilir ki, “Qızıl həftə” adlandırılan bu müddətdə xaricə 7,5 milyon səfər gözlənilir. Platformanın Çinin 500 şəhərində olan istifadəçiləri dünyanın 100 ölkəsinə səfərlərini bron ediblər.

Bayram günlərində dəmir yolu vağzallarında, hava limanlarında və avtobus stansiyalarında sərnişin sıxlığı müşahidə olunacaq. Proqnozlara görə, Çində bayram günlərində dəmir yolu ilə 142 milyon sərnişin daşınacaq ki, bu da ötən ilin müvafiq göstəricisindən 8,8 faiz çoxdur. Sərnişin sayının çox olması nəzərə alınaraq ölkənin müxtəlif bölgələrindən Pekin, Şanxay, Şencen də daxil olmaqla Çinin böyük şəhərlərinə əlavə qatarlar yola salınacaq.

Qeyd edək ki, ötənilki milli bayram günlərində Çində əvvəlki ildən 9,43 faiz çox – 726 milyon daxili səfər qeydə alınmışdı./AZƏRTAC/

COP29